
ASELSAN şirkətinin baş direktoru Ahmet Akyol Azərbaycana səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirib.
“Poliqon” xəbər verir ki, bu barədə Ahmet Akyol sosial media hesabında paylaşım edib.
O bildirib ki, Bakı proqramı çərçivəsində Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov, müdafiə sənayesi naziri Vüqar Mustafayev, müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov və Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə ilə görüşlər keçirilib.
Görüşlər zamanı ASELSAN ilə Azərbaycan arasında həyata keçirilən mövcud əməkdaşlıq və qarşıdakı dövr üçün nəzərdə tutulan yeni layihələr müzakirə olunub.
Ahmet Akyol qeyd edib ki, dost və qardaş ölkə Azərbaycana səfər zamanı əməkdaşlığı daha da inkişaf etdirəcək səmərəli təmaslar baş tutub.
““Bir millət, iki dövlət” inancı ilə qardaş ölkə Azərbaycandakı mövcudluğumuzu və güclü əməkdaşlığımızı inkişaf etdirməyə davam edəcəyik”, – deyə ASELSAN-ın baş direktoru vurğulayıb.






