DənizAnalizAselsanXəbərlər

ASELSAN-dan sualtı üstünlüyü üçün yeni nəsil avtonom sistemlər – TƏHLİL

ASELSAN şirkətinin süni intellekt, avtonom imkanlar və şəbəkə mərkəzli əməliyyatları bir araya gətirən yeni nəsil sualtı sistemləri daimi sualtı üstünlüyünün təmin edilməsində həlledici rol oynayacaq.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin yayımladığı məqaladə bildirilib.

Qeyd edilib ki, XXI əsrdə dəniz əməliyyatları mühiti asimmetrik təhdidlərin şaxələndiyi və sərhəd təhlükəsizliyindən əlavə kritik sualtı infrastrukturun qorunmasının milli təhlükəsizlik məsələsinə çevrildiyi hibrid xarakter alıb.

Klassik insanlı platformaların əməliyyat radiusunu süni intellekt dəstəkli avtonom sualtı sistemlər və insanlı-insansız sistemlərin birgə istifadəsi (MUM-T) konsepsiyası ilə birləşdirən yeni nəsil yanaşmalar qlobal dəniz müharibəsinin yeni paradiqmasını formalaşdırır.

Ənənəvi akustik üsullarla aşkarlanması olduqca çətin olan müasir sualtı təhdidlər dəniz müharibəsinin okeanoqrafik xüsusiyyətlərinə uyğunlaşa bilən, proaktiv fəaliyyət göstərən, sürü halında hərəkət edən və fasiləsiz müşahidə aparan yeni nəsil avtonomiya konsepsiyasını zəruri edir.

Niyə sualtı üstünlük kritik əhəmiyyət daşıyır?

Sualtı məkan öz təbiətinə görə “görünməzliyin” və asimmetrik üstünlüyün əsas mərkəzidir. Belə ki, insanlı sualtı qayıqlara qarşı üstünlük əldə etmək onların fəaliyyət zonasını ucuz, tam avtonom və kamikadze sistemlərlə məhdudlaşdırmaqla mümkündür. Burada avtonom sualtı insansız dəniz aparatlarından (İDA) istifadə ön ölana çıxır. Sualtı müharibəsində avtonom sualtı İDA-ların “Görünməz Qanad Adamı” (Loyal Wingman) kimi ön xətdə istifadəsi yüksək dəyərə malik insanlı sualtı qayıqları təhlükədən uzaq saxlayır.

Sualtı üstünlük həm də qlobal təchizat zənciri və dəniz nəqliyyatının təhlükəsizliyi baxımından kritikdir. dünya ticarətinin əsas damarı olan dəniz yollarının və strateji boğazların qorunması sualtından qaynaqlanan hibrid təhdidlərin vaxtında aşkar edilməsi ilə mümkündür.

Eyni zamanda, ölkələrin enerji və rabitə təhlükəsizliyi birbaşa dəniz dibində yerləşən enerji ötürücü xətlərə və rabitə şəbəkələrinə bağlıdır. Bu infrastruktura qarşı həyata keçiriləcək hər hansı sabotaj həm hərbi, həm də mülki sahədə iflicedici təsir göstərə bilər.

Müasir döyüş meydanında sualtı təhdidlər

HN5Jaf7WkAAZsuSSon illərdə avtonom və aşağı qiymətli sistemlərin geniş yayılması ilə dəniz təhlükəsizliyi və dəniz əməliyyatları mühiti sürətlə dəyişir. Müasir sualtı təhdidlər artıq yalnız klassik minalar və iri insanlı sualtı qayıqlarla məhdudlaşmır. Döyüş meydanında dəniz dibində gözləmə rejimində qala bilən ağıllı sursatlar və avtonom sualtı İDA-lar yeni təhlükə növü kimi ön plana çıxır.

Belə mürəkkəb və asimmetrik təhdid mühiti insan həyatını riskə atmayan, 24/7 rejimində dərinliklərdə fəaliyyət göstərə bilən, müstəqil qərarlar qəbul edən, lazım gəldikdə düşməni saxta hədəflərlə çaşdıran və ya birbaşa məhv edən zərbə sistemlərinə böyük əməliyyat ehtiyacı yaradır.

Texnologiya perspektivi

HN5JerRXUAAsIUXSualtı mühit GPS-in və radio dalğalarının işləmədiyi, elektromaqnit zəifləməsinin ən yüksək səviyyədə olduğu mürəkkəb fiziki mühitdir. Bu qaranlıq və yüksək təzyiqli mühit yalnız avadanlıq deyil, tam avtonomiya və süni intellekt əsaslı texnologiyaları zəruri edir.

Sensorlardan əldə edilən akustik məlumatları müstəqil təhlil edən, daxili prosessorları vasitəsilə dost-düşmən ayırd edə bilən və rabitə kəsildiyi halda belə tapşırığını davam etdirən tam avtonom sistemlər və böyük avtonom sualtı İDA-lar artıq ənənəvi kabel və ya uzaqdan idarə olunan sistemləri əvəz edir.

Sualtı rabitəsində akustik əlaqə ilə yanaşı qısa məsafəli lazer rabitəsi, sualtı naviqasiyada isə dəniz dibinə yerləşdirilmiş seysmik və optik sensor şəbəkələri ilə inteqrasiya yeni nəsil texnologiyalar sırasında yer alır.

Əməliyyat konsepsiyaları

Avtonom sualtı sistemləri dəniz qüvvələrinin “qüvvə artırıcı” asimmetrik silahları hesab olunur. Əsas əməliyyat konsepsiyaları bunlardır:

  • Kəşfiyyat, müşahidə və nəzarət (ISR): Ön xəttə yerləşdirilən böyük avtonom sualtı İDA-lar vasitəsilə radar və sonar sistemlərinə yaxalanmadan düşmən sularına daxil olaraq kritik məlumatların toplanması.
  • Mina müharibəsi: İnsanlı gəmilər və dalğıclar riskə atılmadan avtonom sualtı İDA-lar ilə minaların aşkarlanması, təsnifatı və zərərsizləşdirilməsi.
  • Sualtı qayıqlara qarşı mübarizə (ASW): Düşmən sualtı qayıqlarının strateji keçid marşrutlarında çoxsaylı sonar sensorları ilə izlənilməsi.
  • Asimmetrik hücum və pusqu (kamikadze): İnteqrə olunmuş partladıcı sistem daşıyan ağıllı avtonom sualtı İDA-ların sürü halında birbaşa hədəfə yönəldilməsi.
  • Taktiki aldatma: Akustik aldatma imkanına malik dekoy sistemlərinin əsas qüvvələri qorumaq məqsədilə istifadəsi.

ASELSAN-dan sualtında oyunun qaydalarını dəyişən avtonom imkanlar

HN5JopWXQAAg9zXDəyişən əməliyyat mühitində sualtı və suüstü platformaların, kritik sualtı infrastrukturunun, liman obyektlərinin, neft və enerji platformalarının məhv edilməsinə yönəlmiş aşağı xərcli, sürətlə istehsal edilə bilən və yüksək zərbə gücünə malik yeni nəsil asimmetrik hücum sistemlərinə ehtiyac artır.

Bu çərçivədə ASELSAN dənizlərin dərinliklərində müdafiə və mühafizə məqsədilə DERİNGÖZ məhsul ailəsini, hücum konsepsiyası üçün isə KILIÇ kamikadze avtonom sualtı İDA məhsul ailəsini hazırlayıb.

ASELSAN tərəfindən hazırlanmış DERİNGÖZ avtonom sualtı İDA müxtəlif tapşırıqlara uyğun konfiqurasiya edilə bilən modul faydalı yük quruluşuna, simsiz və akustik rabitə imkanlarına malikdir. Sistem dənizlərin dərinliklərində kəşfiyyat və müşahidə, minaların aşkarlanması və təsnifatı, sualtı enerji ötürücü xətlərinin və rabitə şəbəkələrinin monitorinqi, kritik infrastrukturun qorunması kimi vəzifələri yerinə yetirir.

HN5JwUNWIAAt8BcSAHA 2026 sərgisində təqdim edilən və Türkiyənin dənizlərdə çəkindiricilik qabiliyyətini yeni mərhələyə yüksəldən KILIÇ isə aşağı xərcli, sürətlə istehsal oluna bilən, yüksək zərbə gücünə və təsirə malik yeni nəsil asimmetrik kamikadze avtonom sualtı insansız dəniz aparatıdır.

Müxtəlif məsafələrdə yerləşən hədəflər üçün hazırlanmış KILIÇ kamikadze sualtı İDA məhsul ailəsi süni intellekt əsaslı vizual mövqe təyini və hədəf aşkarlama imkanları sayəsində rabitənin olmadığı şəraitdə belə düşmənin sualtı və suüstü platformalarını, eləcə də kritik hərbi infrastrukturunu aşkarlayıb məhv etmək qabiliyyətinə malikdir.

Gələcək perspektivi

Gələcəyin dəniz müharibəsində iri və bahalı gəmilərdən daha çox konkret tapşırıqlar üçün ixtisaslaşmış, aşağı xərcli və operator tələb etməyən avtonom sistemlərə üstünlük veriləcəyi proqnozlaşdırılır.

Bu müharibə ASELSAN-ın KILIÇ kamikadze sualtı İDA-sı kimi çoxsaylı avtonom sualtı insansız dəniz aparatlarının sürü halında koordinasiyalı şəkildə flaqman gəmilərinə və ya düşmən bazalarına hücum etməsi üzərində qurulacaq.

Həmçinin sualtı, suüstü və hava platformaları vahid sinir sistemi kimi fəaliyyət göstərəcək. Sualtı əşyaların interneti memarlığına əsaslanan bu sistemdə PUA, İDA, rabitə peyki və ya kəşfiyyat aparan DERİNGÖZ tərəfindən müəyyən edilən hədəf koordinatları KILIÇ tərəfindən məhv edilə biləcək.

DERİNGÖZ və KILIÇ məhsul ailələri sayəsində Türkiyənin PUA sahəsində qazandığı qlobal asimmetrik üstünlük və doktrinal uğur sualtı mühitə də daşınacaq.

Beləliklə, süni intellekt, avtonom imkanlar və şəbəkə mərkəzli əməliyyatları bir araya gətirən ASELSAN-ın yeni nəsil sualtı sistemləri daimi sualtı üstünlüyünün təmin edilməsində həlledici rol oynayacaq.

HN5J2C0WoAALItH

Back to top button