
ASELSAN hava üstünlüyü üçün ağıllı həllərini IDEF-2025-də təqdim edib
ASELSAN şirkəti IDEF-2025 sərgisində hava üstünlüyünü artırmaq məqsədilə inkişaf etdirdiyi yeni qabaqcıl sistemlərini təqdim edir.
“Poliqon” xəbər verir ki, bunların arasında T-LINK ailəsinə aid taktiki məlumat ötürmə sistemləri və HALE (yüksək hündürlük və uzaq məsafə – high altitude long endurance) sinifli pilotsuz uçuş aparatları (PUA) üçün nəzərdə tutulan yeni nəsil elektro-optik nişangah sistemi ASELFLIR 600 yer alır.
Şirkət tədim etdiyi bu yeniliklərlə ağıllı hava üstünlüyü həllərindəki liderliyini daha da möhkəmləndirib.
HALE sinifli PUA-lar üçün nəzərdə tutulan ASELFLIR 600 elektro-optik nişangah sistemi, ASELFLIR 500-ün uğurundan ilhamlanaraq 25 düymlük daha böyük bir gimbal, genişləndirilmiş diafraqma və çoxspektrli optika ilə təchiz olunub. Süni intellektlə dəstəklənən obyekt tanıma, HD çoxzolaqlı sensorlar və geniş mənzilli lazer modulu ilə ASELFLIR 600 çətin şəraitlərdə belə yüksək aşkarlama, tanıma və identifikasiya (DRI) performansı təmin edir.
IDEF-2025 sərgisində təqdim edilən T-LINK milli taktiki məlumat ötürmə sistemi ailəsi (T-LINK A, C, M, G) birgə hava əməliyyatları üçün təhlükəsiz və dayanıqlı bir şəbəkə infrastrukturu yaradır. Hava, quru, dəniz və raket platformaları arasında tam uyğunluqla işləyən bu məhsul ailəsi, mobil və sabit nöqtələr arasında şifrələnmiş, radioelektron müharibəyə davamlı səsli və məlumat ötürməsini təmin edir. Şəbəkəyə problemsiz inteqrasiya sayəsində T-LINK real vaxtda vəziyyət fərqindəliyi və sinxron əməliyyatlar təqdim edir ki, bu da tapşırıq səmərəliliyini və qüvvələrin koordinasiyasını artırır.
Yeni sistemlərin təqdimatı ilə bağlı ASELSAN prezidenti baş direktoru Ahmet Akyol fikirlərini bölüşüb. O bildirib ki, T-LINK ailəsi və ASELFLIR 600 sistemlərinin təqdimatı ilə ASELSAN tamamilə milli və gələcəyə hazır ağıllı hava gücü anlayışını yenidən müəyyənləşdirir.
“Bu sistemlər ASELSAN-ın müasir hava üstünlüyünün həlledici iki faktoru olan sinxron əlaqələndirmə və üstün müşahidə imkanlarını təqdim etmək qabiliyyətini nümayiş etdirir. 2030 visionumuz çərçivəsində dünyanın ilk 30 müdafiə sənayesi şirkətindən biri olmaq yolunda irəliləyərkən, biz qüvvələrimizə və müttəfiqlərimizə göylərdə üstünlük qazandıracaq qabaqcıl texnologiyaları inkişaf etdirməyə sadiq qalırıq”, – deyə baş direktor qeyd edib.