
ASELSAN-ın bazar dəyəri 30 milyard dolları ötüb
ASELSAN, 13 yanvar tarixində birjanın bağlanması etibarilə bazar dəyəri 30 milyard ABŞ dollarını aşan ilk Türkiyə şirkəti kimi BIST 100 tarixinə düşüb.
“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bununla ötən il ərzində Borsa İstanbulun ən dəyərli şirkəti mövqeyinə yüksələrək 1 trilyon TL bazar dəyərinə çatan ASELSAN yeni bir rekorda da imza atıb.
Mövcud göstəriciləri ilə ASELSAN Avropanın ən dəyərli ilk 10 müdafiə sənayesi şirkəti sırasında yer alaraq mühüm uğur əldə etmiş olub.
ASELSAN-ın bu nailiyyətində beynəlxalq bazarlardakı fəallığı və oyun dəyişdirən yüksək texnologiyalı məhsullara etdiyi investisiyalar həlledici rol oynayır.
Gələcək vizyonunu formalaşdıran üç əsas hədəfdən biri olan ixrac yönümlü böyüməni ən vacib prioritetinə çevirən ASELSAN, son olaraq NATO üzvü olan bir ölkə ilə imzaladığı 410 milyon dollar dəyərində müqavilə ilə qlobal arenadakı çəkisini daha da gücləndirib.
Avropa və ABŞ mərkəzli texnologiya nəhənglərinin öncülük etdiyi qlobal bazarlardakı yüksəliş dalğası ilə paralel hərəkət edən ASELSAN, qabaqcıl texnoloji həlləri ilə investorların diqqət mərkəzinə çevrilərkən, Türkiyədə texnoloji transformasiyanın ən güclü təmsilçisi olub.
ASELSAN-ın böyüməsi davamlı maliyyə idarəetmə anlayışı ilə dəstəklənir.
Belə ki, artan balansı və yüksələn gəlirləri ilə güclü əməliyyat nəticələri əldə edən ASELSAN, tədqiqat-inkişafa ayırdığı vəsaiti ildən-ilə artırır və bu investisiyaların qarşılığını həm ölkə daxilində, həm də xaricdə imzaladığı yeni müqavilələrlə alır.
2023-cü ilin əvvəlindən bu günədək mövcud sifariş portfelini 120 faiz artıraraq 17.9 milyard dollar səviyyəsinə çatdıran ASELSAN, bu sahədə 42 faiz olan qlobal artım orta göstəricisini təxminən üç dəfə üstələyərək dünya nəhənglərindən müsbət mənada fərqlənib.
Eyni şəkildə, ASELSAN-ın imzaladığı ixrac müqavilələri də son illərdə əhəmiyyətli dərəcədə artıb. 2025-ci ilin ilk doqquz ayında 1.45 milyard dollar məbləğində yeni ixrac müqaviləsi imzalayan ASELSAN-ın bu sahədəki artımı ötən ilin eyni dövrü ilə müqayisədə 171 faiz təşkil edib.


