HavaAselsanXəbərlər

ASELSAN-ın TOLUN P aviasiya sursatı Azərbaycanda sınaqdan keçirildi – ÖZƏL

Türkiyənin ASELSAN şirkətinin zirehli və betonla möhkəmləndirilmiş hədəflərə qarşı yüksək dəqiqlikli zərbə imkanlarına malik TOLUN P aviasiya sursatı Azərbaycanda sınaqdan keçirilib.

“Poliqon” xəbər verir ki, sınaq zamanı “Akıncı” pilotsuz uçuş aparatından (PUA) buraxılan TOLUN P sursatı 2 m qalınlığında torpaq qatını və 50 sm qalınlığında beton maneəni dəqiq zərbə ilə dələrək hədəfi uğurla məhv edib.

Dərin zərbə və yüksək dəqiqlik imkanlarını özündə birləşdirən TOLUN P zirehli və betonla qorunan hədəflərə qarşı döyüş meydanında güclü təsirə malikdir və artıq əməliyyat istifadəsinə hazırdır.

ASELSAN şirkətinin istehsal etdiyi TOLUN məhsul ailəsinə daxil olan TOLUN P, atalətsəl naviqasiya sistemi (ANS) və peyk naviqasiya sisteminə (KKS) malik 250 funtluq ağıllı aviasiya bombasıdır. SADAK 4T asqı sistemilə daşınan TOLUN P, pilotsuz uçuş aparatları, pilotlu və pilotsuz döyüş təyyarələrinin istifadəsi üçün nəzərdə tutulub. O, nüfuzedici döyüş başlığı və xüsusi hazırlanmış dəlici burun hissəsi sayəsində 1 metr qalınlığında dəmir-betonu dələrək beton bunkerlər, sığınacaqlar və zirehli hədəfləri məhv edə bilir. Onun sərt hədəflərə qarşı yüksək təsiri kokpitdən proqramlaşdırılan, vaxt tənzimləməli elektron alışdırıcısı ilə təmin edilir.

Müasir texnologiyalar əsasında hazırlanan TOLUN P, yüksək dəqiqliklə hədəfi vurur və ətraf mühitə dəyən ziyanı minimuma endirir. Bu xüsusiyyətləri sayəsində o, mülki yaşayış məntəqələrinin yaxınlığında yerləşən strateji hədəflər də daxil olmaqla müxtəlif əməliyyatlarda etibarlı və effektiv istifadə oluna bilir.

Xatırladaq ki, TOLUN sursatı Azərbaycanda ilk dəfə 2024-cü il fevralın 9-da Prezident İlham Əliyevin Hərbi Hava Qüvvələrinin hərbi obyektlərinə səfəri zamanı ictimaiyyətə təqdim olunub. Həmin vaxt Azərbaycan HHQ-nin silahlanmasına yeni qəbul edilmiş “Akıncı” PUA-ları ilə yanaşı, bu platformalar üçün nəzərdə tutulan TOLUN sursatları da nümayiş etdirilib.

Həmin ilin oktyabr ayında isə ASELSAN-ın baş direktoru Ahmet Akyol TOLUN sursatının Azərbaycana ixracını rəsmi şəkildə təsdiqləyib.

Back to top button