ASELSAN-ın yeni HHM sistemləri hava məkanını keçilməz edəcək

ASELSAN-ın yeni HHM sistemləri hava məkanını keçilməz edəcək

ASELSAN şirkəti yeni hazırladığı hava hücumundan müdafiə (HHM) sistemilərini ilk dəfə IDEF-2023 sərgisində təqdim edib.

“Poliqon” xəbər verir ki, bunların arasında “Gürz” hibrid HHM sistemi, “Göksur” HHM sistemi, “Gökberk” mobil lazer silah sistemi və “Gökdemir” buraxılış sistemi yer alır.

“Gökdemir” buraxılış sistemi ASELSAN-ın HHM sahəsində sahib olduğu nou-haunu və qabaqcıl texnologiyaları özündə birləşdirir. “Gökdemir” buraxılış sistemində milli olaraq inkişaf etdirilən “hava-hava” tipli raketlərin “yer-hava” versiyalarının istifadə olunması hədəflənib. Bu baxımdan “Gökdemir”də TÜBİTAK SAGE mərkəzi tərəfindən hazırlanan və HHM ehtiyaclarına uyğun olaraq yenilənən “Gökdoğan” raketindən istifadə edilib. Beləliklə, mövcud təhdidlərə qarşı effektiv hava hücumundan müdafiə sistemi ərsəyə gətirilib.

Bu sistem döyüş təyyarəsi, pilotsuz uçuş aparatı (PUA), helikopter, “hava-yer” və qanadlı raket kimi təhdidlərə qarşı hava və raketdən müdafiə missiyalarını yerinə yetirəcək. “Gökdemir” buraxılış sistemi Atəşi İdarəetmə Cihazının (HİSAR A+) və ya HİSAR Atəş İdarəetmə Mərkəzinin (HİSAR O+) rəhbərliyi altında hədəflərin məhv edilməsini həyata keçirəcək.

Şirkət tərəfindən hazırlanan “Göksur” HHM sistemi dəniz platformalarında istifadə edilmək üçün nəzərdə tutulub. O, aşağı hündürlükdəki hava təhdidlərinin zərərsizləşdirilməsi üçün təyin edilib. Sistem döyüş təyyarələrini, helikopterləri, PUA-ları, qanadlı və gəmi əleyhinə raketləri məhv etmək imkanına malikdir.

“Gökdemir”də olduğu kimi, “Göksur”da da TÜBİTAK SAGE mərkəzi tərəfindən yerli və milli olaraq inkişaf etdirilən “hava-hava” tipli “Bozdoğan” raketinin “yer-hava” versiyasından istifadə olunur. “Göksur”un əsas üstünlüklərindən biri sistemin təkibindəki radarların AESA texnologiyasına sahib olmasıdır.

Lazer silahı olan “Gökberk” sistemi həm təchiz edildiyi radar və elektro-optik sensorlar vasitəsilə PUA-ların axtarışını, aşkarlanması və izlənilməsini həyata keçirir, həm də təhlükələrin minimum 5 kVt gücündə lazer silahı ilə fiziki və “Kangal” qarışdırıcı alt sistemi ilə funksional şəkildə məhv edir.

“Gökberk”in əsas istifadə sahələri quru və dəniz platformaları, elektrik stansiyaları, hava limanları, sərhəd məntəqələri, qərargah binaları və tranzit yollar olaraq planlaşdırılıb. O, 6×6 təkər formuluna malik yük maşının şassisi üzərində quraşdırılıb.

Poliqon.az

CATEGORIES
TAGS