SərgilərXəbərlər

ASELSAN MSPO-2026 sərgisində yeni ixrac müqaviləsi imzalayıb

MSPO-2026 sərgisi çərçivəsində Türkiyənin ASELSAN şirkəti Polşanın “AMZ Kutno” şirkəti ilə bu Polşa Silahlı Qüvvələri üçün əlavə 24 dəst ARSUS kəşfiyyat və müşahidə sisteminin tədarükünü nəzərdə tutan yeni ixrac müqaviləsi imzalayıb.

ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, yeni sistemlərin 2028-2029-cu illərdə tədarük edilməsi planlaşdırılır.

Bildirilib ki, bu tədarük 2024-cü ildə ASELSAN və “AMZ Kutno” arasında imzalanmış çərçivə müqaviləsinə əlavədir.

Yeni imzalanmış razılaşma ASELSAN-ın Polşada uzunmüddətli fəaliyyətini daha da gücləndirir. Şirkət ölkədə qabaqcıl texnologiyalar, yerli nümayəndəliyi, davam edən proqramlar və yerli sənaye tərəfdaşlıqları vasitəsilə əməkdaşlığını genişləndirir.

Bu, ASELSAN-ın Polşa ilə əməkdaşlığında əldə olunan müsbət dinamikanı davam etdirir və 2025-ci ilin dekabrında imzalanmış 410 milyon ABŞ dolları dəyərində elektron müharibə sistemlərinin ixracına dair müqavilədən sonra baş verir. Hazırda ASELSAN 20-dən çox polşalı təchizatçı ilə əməkdaşlıq edir və təlim, texniki xidmət və mükəmməllik mərkəzləri də daxil olmaqla yeni imkanları araşdırır. Bununla da şirkət Polşa ilə əməkdaşlığını ayrı-ayrı məhsul tədarüklərindən daha geniş və uzunmüddətli sənaye tərəfdaşlığı səviyyəsinə çıxarır.

ASELSAN MSPO-2026 sərgisində Polşa ilə artan əməkdaşlığından və imzalanan yeni razılaşmalardan əlavə, hava hücumundan müdafiə, elektron müharibə, pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemləri, PUA-lar üçün faydalı yükləri, eləcə də dəniz və sualtı texnologiyalarını əhatə edən inteqrasiya edilmiş məhsul portfelini nümayiş etdirir.

Sərgidə əsas diqqət ASELSAN-ın inteqrasiya edilmiş hava hücumundan müdafiə arxitekturası olan “Polad Qübbə”nin PUA-lara qarşı mübarizə qatı DRONEDEF-ə yönəldilib. Bu qat dron təhdidlərinə qarşı müxtəlif tamamlayıcı imkanları bir araya gətirir. Buraya İHTAR antidron sistemi, GÖKBERK lazer silah sistemi, KORKUT 100/25 SB antidron silah sistemi, GÖKALP avtonom kinetik dron məhvetmə sistemi, 40 mm-lik ŞAHİN HHM sistemi və EJDERHA/AD HPEM antidron sistemi daxildir.

Şirkətin sərgidə nümayiş etdirdiyi məhsul portfelinə, həmçinin KORAL ailəsinə daxil olan elektron müharibə sistemləri, “Polad Qübbə” hava hücumundan müdafiə kompleksinin əsas komponentləri, ANTIDOT və FULMAR 200-A SAR podu daxil olmaqla PUA faydalı yükləri, eləcə də KILIÇ kamikadze avtonom sualtı aparatları ailəsi, TUFAN kamikadze insansız suüstü aparatı və MARLİN 100 sualtı qayıqlara qarşı mübarizə (ASW) məqsədli insansız suüstü aparatı kimi dəniz sistemləri daxildir.

ASELSAN-ın prezidenti və baş direktoru Ahmet Akyol bildirib ki, qlobal müdafiə brendi kimi ASELSAN beynəlxalq fəaliyyət coğrafiyasını, xüsusilə Avropa, NATO ölkələri və digər əsas regionlarda genişləndirməyə davam edir: “Polşa bu beynəlxalq inkişafın mühüm hissəsidir və ölkə ilə tərəfdaşlığımız getdikcə güclənir. Bu yeni müqavilə əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində daha bir mühüm addımdır. Ötən il imzalanmış böyük elektron müharibə müqaviləsindən sonra əməkdaşlığımızı kəşfiyyat və müşahidə sahəsinə də genişləndirir və bununla ASELSAN ilə Polşa sənayesi arasındakı əlaqələri daha da möhkəmləndiririk”.

Back to top button