
Türkiyənin aparıcı və Avropanın ən dəyərli beşinci müdafiə şirkəti olan ASELSAN, NATO-nun Baş katibi Mark Rutteni şirkətin Ankarada yerləşən “Gölbaşı Texnologiya Bazası”nda qəbul edib.
ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, burada şirkətin qabaqcıl, çoxdomenli müdafiə həllər portfeli üzrə geniş təqdimat keçirilib.
Səfər çərçivəsində ASELSAN “Polad Qübbə” çoxqatlı hava hücumundan müdafiə arxitekturası, quru platformaları, dəniz sistemləri, elektron mübarizə həlləri və PUA faydalı yükləri üzrə qabaqcıl imkanlarını nümayiş etdirib. Bu təqdimatlar şirkətin müasir müharibənin dəyişən tələblərinə cavab verən inteqrə olunmuş, sistem səviyyəli yanaşmasını əks etdirib.
Mark Rutte həmçinin ASELSAN-ın gənc mühəndisləri ilə qısa görüş keçirib ki, bu da şirkətin innovasiya və insan kapitalına verdiyi önəmi göstərib.
Proqram çərçivəsində ASELSAN-ın güclü seriyalı istehsal imkanları barədə də ətraflı məlumat təqdim olunub. Nümayəndə heyəti müasir istehsal müəssisələrini və son montaj xətlərini ziyarət edib. Burada “Polad Qübbə” arxitekturasının əsas komponentləri və ASELSAN-ın əsas fəaliyyət sahələrinə aid flaqman sistemlər nümayiş etdirilib. Təqdimatlar zamanı ASELSAN-ın yüksək texnoloji istehsal imkanlarına əsaslanaraq qarşılıqlı işləyə bilən, genişləndirilə bilən və döyüşə hazır həllər təqdim etmək qabiliyyəti vurğulanıb.
ASELSAN-ın prezidenti və baş direktoru Ahmet Akyol səfərlə bağlı fiklərini bölüşərək, NATO-nun Baş katibi Mark Rutteni şirkətdə qəbul etməkdən şərəf duyduqlarını bildirib.
“Səfər zamanı ən son yüksək texnologiyalı sistemlərimizi nümayiş etdirdik və yeni investisiyalarımız, istehsal imkanlarımız və innovasiya ekosistemimiz haqqında məlumat verdik. ASELSAN olaraq Alyansın kollektiv gücünü artıran qabaqcıl həllər təqdim etməyə davam edəcəyik və qlobal təhlükəsizlik sahəsində etibarlı tərəfdaş olmağa sadiq qalacağıq”, – deyə baş direktor qeyd edib.







