
Azərbaycana müdafiə sənayesi sahəsində hər cür dəstəyi verməyə hazırıq.
Bu sözləri “Poliqon”a jurnalına müsahibəsində ASFAT şirkətinin İş İnkişafı direktoru Hakan Topçu deyib.
Onun bildirdiyinə görə, ASFAT buna təkcə dəstək vermək kimi deyil, ortaq istehsal və birgə inkişaf modeli kimi yanaşır və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
“Xüsusilə, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin inventarındakı platformaların modernizasiyası, yeni platformaların inşası və bütün bu proseslərin birgə həyata keçirilməsini arzulayırıq. Tərsanələrin birgə qurulmasını, idarə olunmasını və burada inşa ediləcək gəmilərin ortaq şəkildə layihələndirilməsini hədəfləyirik. Hətta həmin platformalarda istifadə olunacaq silah sistemlərinin bir hissəsinin də yerli imkanlarla Azərbaycanda istehsal edilməsini arzulayırıq. Buna görə də, xüsusilə gəmiqayırma sahəsi başda olmaqla, yaxın gələcəkdə Azərbaycan ilə daha güclü və daha genişmiqyaslı birgə gəmi inşası layihələri həyata keçirməli olduğumuza inanıram”, – deyə Hakan Topçu vurğulayıb.




