
ASFAT şirkətinin məqsədi Azərbaycan ilə birlikdə Xəzər dənizində gəmi inşa edə biləcək, hətta gələcəkdə Azərbaycanın bu qabiliyyəti tamamilə öz imkanları hesabına davam etdirə biləcəyi bir infrastruktur yaratmaqdır.
Bunu ASFAT şirkətinin İş İnkişafı direktoru Hakan Topçu “Poliqon”a jurnalına müsahibəsində söyləyib.
O vurğulayıb ki, Türkiyə gəmiqayırma sənayesi həm tərsanələrinin sayı, həm də istehsal gücü baxımından yüksək potensiala malikdir: “Lakin Türkiyədə inşa edilən bir gəmini Xəzər dənizinə çatdırmaq imkanımız yoxdur. Buna görə də məqsədimiz Azərbaycan ilə birlikdə Xəzər dənizində gəmi inşa edə biləcək, hətta gələcəkdə Azərbaycanın bu qabiliyyəti tamamilə öz imkanları hesabına davam etdirə biləcəyi bir infrastruktur yaratmaqdır”.
Onu sözlərinə görə, bunun üçün ilk növbədə mövcud tərsanələr modernləşdirilməli və ya yeni tərsanələr inşa edilməlidir. ASFAT bu prosesdə iştirak etməyə hazırdır və bu sahədə kifayət qədər təcrübəyə malikdir. Şirkət tərsanələrin inşası və modernizasiyası işlərini Azərbaycan tərəfi ilə birlikdə və yerli işçi qüvvəsindən istifadə etməklə həyata keçirə bilər.
H.Topçu bildirib ki, bundan sonra tərsanə personalının hazırlanması mərhələsi gəlir: “Azərbaycanlı hərbi tərsanə əməkdaşlarına Türkiyə Silahlı Qüvvələrinin hərbi tərsanələrində birbaşa təlimlər keçə bilərik. Gəmi inşası prosesi başladıqdan sonra isə təlim fəaliyyətlərini Azərbaycandakı tərsanələrdə, türk mühəndisləri və mütəxəssislərinin dəstəyi ilə davam etdirərək bilik və təcrübənin davamlı olacaq şəkildə ötürülməsini təmin edə bilərik.
Bəs sonra? Daha sonra layihələndirəcəyik. Nəyi layihələndirəcəyik? Azərbaycanın öz tələblərinə uyğun xüsusi bir gəmi layihələndirəcəyik. Çünki Xəzər dənizinin coğrafi və əməliyyat şəraiti digər dənizlərdən fərqlənir. Xəzər dənizində, xüsusilə dayaz sularda da fəaliyyət göstərə biləcək və bölgədəki təhdidlərə qarşı effektiv mübarizə aparacaq platformalara olan tələbatı Azərbaycan Hərbi Dəniz Qüvvələri ilə birlikdə müəyyənləşdirəcək, hansı gəminin hansı silah və hansı sensor sistemləri ilə təchiz edilməli olduğunu birlikdə qərarlaşdıracağıq”.
Hakan Topçu qeyd edib ki, ASFAT-ın məqsədi gəmini birlikdə layihələndirmək və layihələndirmədən sonra yaradılacaq tərsanədə Azərbaycanın işçi qüvvəsindən istifadə etməklə onu birlikdə inşa etməkdir: “Qısacası, malik olduğumuz bütün bilik və təcrübəni Azərbaycanla bölüşməyə hazırıq. Bunun üçün həm təcrübəmiz, həm də bütün zəruri imkanlarımız mövcuddur”.




