ASFAT şirkətindən alınan MEMATT-lar azad edilmiş ərazilərin minalardan təmizlənməsində əhəmiyyətli rol oynayır

ASFAT şirkətindən alınan MEMATT-lar azad edilmiş ərazilərin minalardan təmizlənməsində əhəmiyyətli rol oynayır

Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində 29000 hektardən artıq ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.

“Poliqon” xəbər verir ki, təmizləmə əməliyyatları zamanı ümumilikdə 23230 ədəd mina və partlamamış hərbi sursat aşkarlanaraq məhv edilib.

Bu baxımdan azad olunan ərazilərdə əsas səylər yaşayış məntəqələrinə, əkin sahələrinə, yollara və infrastruktur obyektlərinə yönəldilib.

Hazırda Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan təmizləmə əməliyyatları zamanı Azərbaycan Müdafiə Nazirliyinin Türkiyənin Milli Müdafiə Nazirliyinə bağlı olan ASFAT şirkətindən satın aldığı 20 ədəd MEMATT mexaniki minatəmizləmə maşınlarından da istifadə edilir.

MEMATT-lar həm bu əməliyyatlar vaxtı şəxsi heyətin təhlükəsiz şəkildə fəaliyyət göstərməsində, həm də relyef və çirklənmə dərəcəsindən asılı olaraq ərazinin sürətli formada təmizlənməsində əhəmiyyətli rol oynayır.

Minatəmizləmə əməliyyatları ilə bağlı “Poliqon”a məlumat verən ANAMA-nın texniki-tədqiqat üzrə supervayzeri Niyaməddin Hüseynov bildirib ki, hazırda ANAMA və Müdafiə Nazirliyi tərəfindən ilk dəfə birgə minatəmizləmə əməliyyatları Cəbrayıl rayonu ərazisində aparılır.

N.Hüseynov Cəbrayıl ərazisində Müdafiə Nazirliyi ilə birgə aparılan minatəmizləmə işlərinin MEMATT-ların vasitəsilə həyata keçirldiyini vurğulayıb: “Hal-hazırda bu sahədə bu gün texni-tədqiqat əməliyyatları həyata keçirilir. Sahə ilkin tədqiq olunur. Bunun üçün sahədə MEMATT-lar vasitəsilə müxtəlif yerlərdən çarpaz xətlər açılır. Beləliklə sahədə olan mina xətləri aşkar edilir. Əgər aşkarlanarsa ərazi mina sahəsi kimi təhvil olunur, ancaq yoxdursa sahə döyüş ərazisi kimi bizim təmizləmə qruplarına təhvil verilir. Bu təmizləmə qrupları da ərazini təmizləyib istifadəçiyə təhvil verir”.

ANAMA-nın əməkdaşı qeyd edib ki, hər iki qurum tərəfindən aparılan birgə fəaliyyətlər ərazinin təmizlənməsində müsbət rol oynayır: “Onların bilikləri ilə bizim biliklərimizin birləşməsi nəticəsində müsbət əmək əmələ gəlir. Burada ərazilərin hansı formatda təmizlənməsi ilə əlaqədar fikirlərimiz bölüşülür. Çünki həm ANAMA-da, həm də Müdafiə Nazirliyində peşəkar mütəxəssislər var. Bu danışıqlardan sonra apardığımız birgə əməliyyatlar nəticəsində ərazinin qısa müddətdə təmizlənməsi həyata keçirilir”.

Azərbaycan Ordusunun hərbi qulluqçusu polkovnik-leytenant Vüqar Əzizov da mühəndis-istehkam bölmələri tərəfindən Cəbrayıl rayonu ərazisində görülən işlər barəsində danışıb.

Polkovnik-leytenant V.Əzizov bildirib ki, ərazi əvvəlcə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamında olan qardaş Türkiyədən alınmış MEMATT texnikasından istifadə edilməklə yoxlanılır: “Biz texnika ilə işləyirik. Texnika işini bitirdikdən sonra ANAMA-nın şəxsi heyəti həmin ərazini ehtiyyat tədbir üçün bir daha əl ilə yoxlayır”.

Poliqon.az

CATEGORIES
TAGS