ASTECH DEFENCE şirkəti GAM ağıllı sursat ailəsini SAHA EXPO-da təqdim edəcək
Türkiyənin ASTECH DEFENCE şirkəti 22-26 oktyabr tarixlərində İstanbul Sərgi Mərkəzində keçiriləcək SAHA EXPO sərgisində özünün yeni GÖKKURT ağıllı sursat (GÖKKURT Akıllı Mühimmat – GAM) ailəsini ilk dəfə təqdim edəcək.
“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, pilotsuz uçuş aparatları (PUA) və sabit qanadlı aviasiya vasitələrinin istifadəsi üçün nəzərdə tutulan GAM ailəsinə 20 km mənzilli GAM-A, 40 km mənzilli GAM-B və 80 km mənzilli GAM-D ağıllı sursatları daxildir.
Modul quruluşa malik ağıllı sursat ailəsi 4 fərqli arayıcı başlıq və 2 fərqli döyüş başlığı variantı ilə missiya tələblərinə uyğun olaraq fərdiləşdirilə bilir. GAM ağıllı sursatları ANS/KKS tuşlama və arayıcı texnologiyaları ilə sabit və hərəkətli hədəflərə dəqiq zərbə qabiliyyəti təmin edir. Sursatlar 16 kiloqramlıq döyüş başlıqları ilə hərb meydanında istifadəçiyə əməliyyat üstünlüyü qazandırır.
Bildirilib ki, ailənin ən qısa mənzilli üzvü olan GAM-A başlıca konfiqurasiyanı təmsil edərkən GAM-B və GAM-D modellərində müxtəlif qanad dəstləri əsas gövdəyə inteqrasiya olunub.
Bunlardan başqa, zirehli və ya qorunan hədəflərə qarşı xüsusi olaraq hazırlanmış GAM məhsul ailəsinin ən böyük üzvü GAM-X (Extra) də mövcuddur. Yüksək dağıdıcı gücə malik GAM-X bu ailənin digər variantlarına nisbətən daha böyük döyüş başlığı daşıyır.