2000-ci illərin əvvəllərində Azərbaycan Silahlı Qüvvələrinin təlim və tədris sistemində modernləşmə proseslərinə start verilmiş, hərbi təhsil müəssisələrinin və hissələrin maddi-texniki bazasının müasir standartlara uyğun qurulması istiqamətində addımlar atılıb, maddi-texniki bazasının yenilənməsi, təlim imkanlarının artırılması istiqamətində proqramlar həyata keçirilib. Bu dövrdə Azərbaycan Ordusu və qanunvericiliklə nəzərdə tutulan digər hərbi birləşmələrin təlim potensialının gücləndirilməsi məqsədi ilə həyata keçirilən proqramlar iki istiqamətdə aparılıb: Mövcud təlim mərkəzlərinin yenilənməsi və yenilərinin inşası; Hərbi hissələrin müasir simulyativ təlim-tədris texnologiyaları ilə təchiz olunması. Müdafiə Nazirliyi sistemində 2005-ci ildən başlanmış proqramlar çərçivəsində qoşunların müasir təlim-tədris vasitələri ilə təchiz edilməsi, poliqonların yenidən qurulması ilə yanaşı ilahlanmaya qəbul edilmiş yeni silah və hərbi texnikaların paralel olaraq təlim-məşq qurğuları əldə edilib. Təlimlərin dövriliyinin və miqyasının artılrılması, uzun illər baxımsız qalmış poliqonların fəaliyyətinin bərpa olunması ilə nəticlənib. Müdafiə Nazirliyindən verilən məlumata görə, 2014-cü ildən poliqonların yenidən qurulması və təlim imkanlarının genişləndirilməsi istiqamətində kompleks işlərə start verilib. Cəbhə xəttinə yaxın yerləşən poliqonlarda cəbhə xəttindəki vəziyyətin modelləşdirilməsi, təlimlərin real döyüş şəraitinə uyğun olaraq keçirilməsi təmin olunub. Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovun AZERİ DEFENCE jurnalına verdiyi məlumata görə, təlim imkanlarının artırılması məqsədilə 2017-ci ilin yay aylarında poliqonlarda yeni, məsafədən idarə edilən RAİS-2016P rəqəmsal hədəf qaldırıcılarının quraşdırılması həyata keçirilib və poliqonların birində 3 istiqamətli atıcı silahlardan atış sahəsi yaradılıb. Bundan əlavə, bir neçə təlim obyekti (snayper şəhərciyi, taktiki təlim şəhərciyi və tank biatlonu şəhərciyi) yenidən inşa edilib və yeni hədəf qaldırıcıları və avadanlıqlarla təchiz olunub. Yaxın perspektivdə ümumqoşun təlim mərkəzləri ilə yanaşı cəbhəboyu ərazilərdə yerləşən hərbi hissələrdə mobil poliqonların yaradılması, bu məqsədlə hərbi hissələrin kiçik ölçülü, asanlıqla daşına və istənilən ərazidə qısa müddətdə qurulub hazır vəziyyətə gətirilən, uzaq məsafədən idarə olunan hədəf sistemləri ilə təchizatı planlaşdırılır. Yerli şirkətlər Azərbaycanda poliqonların inşası, müasirləşdirilməsi, interaktiv təlim-tədris vasitələrinin istehsalı və qurulması sahəsində ixtisaslaşmış yerli və xarici şirkətlərin nümayəndəlikləri fəaliyyət göstərirlər. Respublikada poliqonların və interaktiv təlim sistemlərinin inşası, qurulması və istehsalı sahəsində ixtisaslaşmış bir neçə şirkət mövcud olsa da, icra edilən bəzi layihələrdə Rusiyadan, Türkiyədən, Belarusdan, Çindən və digər ölkələrdən ucuz, keyfiyyətsiz avadanlıqları idxal edən, adı heç kimə bəlli olmayan, qeyri-peşəkar, layihənin icra müddəti boyunca bir neçə ay yaşayan “müvəqqəti” şirkətlərə və şəxslərə də təsadüf edilir. Bu şirkətlərin qeyri-peşəkarlıq səbəbindən qurulan poliqonlar qısa müddət sonra istifadəyə yararsız vəziyyətə düşür və əlavə xərclər meydana çıxır. Bəzi işbazlar tərəfindən xaricdən tədarük edilmiş simulyatorlarda və hədəf cihazlarında istismar zamanı ortaya çıxan çatışmazlıqlar, qısa istifadə ömrü, satışdan sonra proqram təminatının yenilənməsi üçün böyük vəsaitlərin tələb edilməsi kimi ciddi problemlər hələ də qalmaqdadır. Məsələn, bir neçə il əvvəl yerli müəssisələrdən birinin müasirləşdirdiyi poliqonda qurulmuş Türkiyənin “Hitit Akrobat” şirkətinin hədəf cihazlarının bir ildən sonra sıradan çıxması həmin poliqonun ikinci dəfə yenilənməsi zərurəti doğurub. Eləcə də Rusiyadan alınaraq, proqramı Azərbaycan dilinə çevrilmiş UMU-S hədəf qaldırıcı cihazlar, Belarusdan alınmış “Faqot” TƏİR komplekslərinin təlim məşq qurğularına bu problemlər zaman-zaman meydana çıxmaqdadır. Türk şirkətlərinin Azərbaycandakı nümayəndəlikləri Açıq və qapalı poliqonların “açar təhvili” prinsipi ilə inşası sahəsində ixtisaslaşmış Türkiyənin “Koza İnşaat və Savunma Sanayi” şirkətinin Azərbaycandakı yerli nümayəndəliyi indiyədək Müdafiə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, DİN və digər qurumlar üçün açıq və qapalı atış mərkəziləri inşa edib. Adıçəkilən şirkət tərəfindən indiyədək Azərbaycanla yanaşı Türkiyə, Türkmənistan, Qətər və Rusiyada da müxtəlif atış mərkəzlərinin inşası reallaşdırılıb. “Koza İnşaat və Savunma Sanayi” poliqon-hədəf sistemlərinin istehsalı sahəsində dünyada tanınmış “Polytronic”, “ELI Military” kimi şirkətlərin rəsmi distrübütorudur. Şirkət 2008-ci ildə “açar təhvili” ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) müasir hədəf sistemləri (yatar-qalxar/yatar-qalxar-dönər hədəflər) ilə təchiz olunmuş 100 metrlik yarı açıq, 25 metr qapalı, 500 metrlik açıq poliqonunu, həmçinin Daxili İşlər Nazirliyi üçün iki ədəd 50 metr qapalı və 3 pərdəli lazerli, 25 metrlik qapalı, 100 metrlik yarı açıq, Müdafiə Nazirliyi üçün 50 metr qapalı, 2 pərdəli gerçək atışlı interaktiv atış poliqonlarının inşasını, Müdafiə Nazirliyinə əlavə olaraq “Hardy” markalı daşınan hədəflərin, XDMX, DİN və Müdafiə Nazirliyi üçün interaktiv poliqonların tədarükünü həyata keçirib. Bundan başqa, şirkət Müdafiə Sənayesi Nazirliyi üçün tam təchiz edilmiş sınaq atış mərkəzini inşa edib. “Koza İnşaat və Savunma Sanayii” şirkəti tərəfindən Qaraheybət poliqonunun müasir hədəf avadanlıqlarının tətbiqi ilə yenidən inşası layihəsi hazırlansa da 2016-2017-ci illərdə yaşanan maliyyə problemi və digər səbəblərdən bu layihənin reallaşdırılması gecikib. “Polytronic” şirkətinin istehsalı olan ən yeni hədəf sistemlərinin qurulacağı poliqon tam şəkildə avtomatlaşdırılacaq. “Polytronic” hədəflərinin Qafqaz və keçmiş Sovet respublikalarıda tətbiq edildiyi ilk böyük təlim mərkəzi olacaq Qaraheybət poliqonunda yatıb-qalxan (pop-up) hədəflərlə yanaşı relsli hədəflər, habelə atışların nəticələrinin uzaq məsafədən izlənilməsi üçün LOMAH hədəf sistemi, rels üzərində hərəkət edən texnika hədəflərinin qurulması planlaşdırılır. Qaraheybətdə ümumilikdə bir kompleks daxilində ayrı üç – tank, atıcı silahlar və ağır silahlar poliqonu, habelə açıq və qapalı sinif otaqları, simulyatorlar olacaq. Bu poliqonlar ayrı-ayrılıqda hər poliqon üçün inşa edilən müşahidə qülləsindən idarə edilə və izlənə biləcək. Tank poliqonunda eyni anda 6 tankın atış həyata keçirməsi üçün pop-up, sabit və 300 metrlik rels üzərində mərkəzdən verilən sürətlə hərəkət edən hədəflər qurulur. Həm tank, həm də digər poliqonların əsas yeniliklərindən biri də burada qurulan hədəflərin tablet üzərindən də idarəetməsinin mümkünlüyüdür. Tank atış sahələrində həm sabit, həm də hərəkətli LOMAH hədəflərə gerçək atışlar həyata keçiriləcək. Atıcı silahlar üçün poliqonda isə yatıb-qalxan və relsli LOMAH hədəfləri qurulmuş 8 atış sahəsi inşa olunur. Proseslərin avtomatlaşdırılması və tətbiq edilən müasir texnologiyalar sahəsində tədris prosesinin effektini yüksəltməyə, əsgərin hazırlığına sərf olunan vaxt 80 faizə yaxın azaltmağa imkan verir. Qaraheybətdə qurulan yeni texnologiyalar sayəsində təlimlər zamanı müxtəlif ssenariləri yaratmaq və həyata keçirmək mümkün olacaq. 1975-ci ildən Türkiyənin müdafiə sənayesi sektorunda fəaliyyət göstərən açıq və qapalı təlim mərkəzlərinin inşaatı sahəsində ixtisaslaşmış “Target” Qrupu Türkiyə və Azərbaycanla yanaşı Türkmənistanda bir çox layihələrə imza atıb. “Target” şirkəti öz layihələrində poliqon avadanlıqlarının istehsalı sahəsində dünyada tanınmış “Theissen Training Systems”, “Kongsberg”, eləcə də yüksək keyfiyyətli, müasir tələblərə cavab verən hədəf sistemlərinin yaradılması və istehsalı ilə məşğul olan Türkiyənin “DESİ Savunma” şirkətləri ilə əməkdaşlıq edir. Azərbaycanda ilk layihəsini 2007-ci ildə (Mərkəzi Bank üçün 25 metrlik qapalı tapança atış poliqonu) həyata keçirən “Target” sonrakı illərdə keçmiş Milli Təhlükəsizlik Nazirliyi üçün 25 metrlik qapalı tapança atış poliqonunun, interaktiv atış təlim sisteminin, SOCAR üçün 50 metrlik qapalı tapança və tüfəng atış poliqonu, XDMX üçün 50 metrlik yarı açıq atış mərkəzi, DSX üçün 100 metrlik qapalı, 25-2000 metrlik açıq atış poliqonlarının, yerli “A2Z Advisors” şirkəti ilə birlikdə Xarici Kəşfiyyat Xidməti üçün 100 metrlik qapalı tapança atış poliqonunun, Bakı şəhərində 23 saylı orta məktəb və DSX üçün üçün interaktiv atış siniflərinin, XDMX üçün lazerli atış təlim sisteminin, Naxçıvan şəhərində lazerli interaktiv atış sisteminin qurulmasını həyata keçirib. Şirkət bununla yanaşı DSX və Müdafiə Nazirliyinə Norveçin “Kongsberg” şirkətinin LOMAH hədəf cihazlarının, DSX və Daxili Qoşunlar üçün “DESİ Savunma” şirkətinin istehsalı olan pop-up, hərəkətli tank hədəflərinin, LOMAH sistemlərin, XDMX üçün ballistik cihazların və Yaşayış məntəqələrində təlim hədəf sistemləri tədarük edib. “Target” şirkəti tərəfindən inşa olunmuş DSX-nin Xızı rayonunda yerləşən təlim mərkəzi imkanlarına görə, Azərbaycanda texnoloji cəhətdən tam təchiz edilmiş ilk poliqondur. 2015-ci ildə istifadəyə verilmiş poliqonda qurulan avadanlıqlar sərt iqlim şəraitinə baxmayaraq, uzun müddət istifadə edilməklə özünü müsbət mənada göstərə bilmişdir. “Target” son illər Azərbaycanda həyata keçirdiyi layihələrə “DESİ Savunma” şirkəti tərəfindən istehsal olunan LOMAH sistemini təqdim edir. Səsdən sürətli güllələrin və mərmilərin ballistik trayektoriyasını izləyərək atış yerlərini müəyyən edən bu sistemin hər növ tank və atıcı silahların atış sahəsində tətbiq edilməsi mümkündür. LOMAH sistemi təsbit cihazı, uzaqdan idarə və nəzarət aparatı, idarə nəzarət mərkəzi və atıcı monitorlarından ibarətdir. Hədəfin önünə yaxın bir məsafədə yerləşdirilən qəbuledicilər atəş zamanı yaranan hipersonik şok dalğaları vasitəsi ilə atılan sursatın hədəfin hansı məsafəsindən keçdiyini vizual və koordinat şəklində ekrana ötürür. Yerli istehsalçılar Azərbaycanda poliqon-hədəf cihazlarının və atış simulyatorlarının istehsalı ilə MSN-in Bakı Cihazqayırma Zavodu, Milli Aerokosmik Agentlik, “DN Technologies” MMC, “A2Z Advisors” MMC və “Buta Armor Technologies” MMC məşğuldur. Bakı Cihazqayırma Zavodu poliqonlar üçün metaldan mexaniki hədəflərin istehsalını həyata keçirir. Müəssisənin istehsal etdiyi mexaniki hədəflər bir neçə poliqonda quraşdırılıb. MSN-in Milli Aerokosmik Agentliyinin (MAKA) 2014-cü ildən təqdim etdiyi “Gilavar” atış simulyatoru avtomat, tapança, snayper tüfəngi və əl qumbaraatanından atışların öyrədilməsi üçün nəzərdə tutulur. Bu günədək MAKA tərəfindən Müdafiə Nazirliyi, DSX, ayrı-ayrı hərbi qurumlar və məktəblər üçün 200-dən çox “Gilavar” atış simulyatoru tədarük edilib. 2019-cu ildə Türkiyənin “Target” şirkəti ilə yerli “A2Z Advisors” şirkəti arasında hədəf cihazlarının Azərbaycanda birgə istehsalına dair müqavilə imzalanıb. 2019-cu ildə “Target” “A2Z Advisors” şirkəti ilə birlikdə Xarici Kəşfiyyat Xidmətinin poliqonunun inşası və təchizatı layihəsinə başlayıb. Şirkət nümayəndələrinin sözlərinə görə, “Target” ilə birlikdə Azərbaycanda “DESİ Savunma” şirkəti tərəfindən yaradılmış müxtəlif hədəf cihazlarının istehsalı nəzərdə tutulur. Bundan başqa, şirkətlər birlikdə hədəf sistemlərinin proqram təminatının işlənib hazırlanması, yenilənməsi kimi işlər həyata keçirirlər. Perspektivdə “A2Z Advisors” və “Target” tərəfindən Azərbaycandakı mövcud poliqonlara servis xidmətinin təşkili, sıradan çıxan avadanlıqların təmiri və bərpası, yeni təlim mərkəzlərinin layihələndirilməsi və birgə inşası nəzərdə tutulur. Virtuallaşdırılmış təlim vasitələrinin istehsalı sahəsində ixtisaslaşmış “DN Technologies” şirkəti 2014-cü ildən müxtəlif növ atış simulyatorlarının layihələndirilməsi və istehsalı sahəsində fəaliyyət göstərir. Şirkət təhsil müəssisələri və silahlı qüvvələrin ayrı-ayrı qoşun növlərini atış simulyatorları ilə təchiz etməklə bərabər, ordunun istifadəsində mövcud olan, digər ölkələrin istehsal etdikləri TƏİR qurğularının və kiçik çaplı atıcı silahların simulyatorlarının təmirini, servisini və yenilənməsini həyata keçirib. Şirkətin direktoru Ceyhun Nabadovun sözlərinə görə, “DN Technologies” son illər atış simulyatorları bazarında meydana çıxan yeni tələbləri qarşılamağa fokuslanıb: “Bura əsgərlərlə yanaşı zabitlərin simulyatorlarda təliminin şərt kimi qarşıya qoyulması, mövcud simulyatorlarda görüntülərinin reallığının artırılması, 3D modelləmə kimi tələblərin ortaya qoyulması, müxtəlif səhnələrin məşq edilməsi kimi tələblər daxildir. Bu tələblər əsasında bazarda mövcud simulyatorları inkişaf etdirməyə çalışırıq. Yeni modellərdə istifadəçilər daha geniş imkanlar əldə edəcəklər ”. “DN Technologies”in yeni layihələrindən biri də RPQ-7V2 tank əleyhinə əl qumbaraatanının təlim-məşq qurğusudur. Modulyar dizayna malik qurğunun yaradılması istiqamətində işlərin tamamlandığını deyən C. Nabadovun sözlərinə görə, “DN Technologies” MMC-nin istehsalı olan xüsusi proqram təminatı ilə inteqrasiya edilmiş Virtual Reallıq Nişangah Qurğusu ilə heç bir proyektor, monitor kimi əlavə texnologiyalardan istifadə etmədən, istənilən tank əleyhinə əl qumbaraatanını təlim silahına çevirmək mümkündür. Simulyator həm sinif, həm də çöl şəraitində istifadəyə uyğunlaşdırılıb. Simulyatorun proqram təminatında hər növ döyüş tapşırıqlarının imitasiyası nəzərə alınıb. Qurğunu asanlıqla hərbi hissədə mövcud olan əl qumbaraatanına inteqrasiya edib, təlim keçmək mümkün olacaq: “Artıq səhnələr, modellər hazırdır. Qurğunun əsas lövhəsi və digər hissələrin sınaq nümunəsi istehsal edilib. İlkin laboratirya testləri keçirmişik. Hazırda bəzi texniki sualların, o cümlədən, 3D görüntülərin yüksək keyfiyyətlə və daha real görüntülənməsi ilə bağlı məsələlərin həlli istiqamətində çalışırq. Hesab edirik ki, 2020-ci ilin fevral ayınadək bir neçə nümunəni hazırlayıb sınaqlardan keçirilməsi üçün hərbi qurumlara verəcəyik. Gələn il Bakıda keçiriləcək ADEX-2020 sərgisində RPQ-7V2 simulyatorunu hazır şəkildə çıxarmağı planlaşdırırıq”. Şirkət rəhbəri hazırda mühəndis-istehkam bölmələrinin, habelə minatəmizləmə ilə məşğul olan təşkilatların əməkdaşları üçün də ayrı bir simulyatorun yaradılması üzərində işlədiklərini vurğulayıb. 2019-cu ildə fəaliyyətə başlamış “Buta Armor Technology” (BAT) şirkəti qısa müddət ərzində vizuallığı gerçəkliyə yaxın artırılmış hava hücumundan müdafiə simulyatorunu hazırlayıb. Hərbi hissələrin ZRK atıcı heyəti üçün nəzərdə tutulan simulyator “S-Sfera” adlanır. Şirkətin direktoru Ramin Əhmədovun sözlərinə görə, adıçkilən təlim-məşq qurğusunda tam döyüş imitasiyası təmin edilib: “Azərbaycan Ordusunun istifadə elədiyi analoji məhsullar var. Xaricdən alınıb. Müqayisə üçün deyə bilərəm ki, bizim simulyator vizualizasiyasına, effektlərinə, hava hədəflərinin klassifikasiyasına və digər texnoloji imkanlarına görə onlardan 2.5 dəfədən çox geniş imkanlara malikdir. Bizim təklif etdiyimiz simulyatorda müxtəlif növ təyyarələrə, helikopterlər, PUA-lara, raketlərə qədər hər növ hədəflərə atəş açmaq olar. Qiymətlərə gəlincə, xarici istehsalçının universal məşq qurğusunun birinin qiymətinə biz 6 kompleks veririk. Bundan başqa, 5000 işləmə saatı təklif edirik. Simulyatorun software və hardware hissəsinə verdiyimiz zəmanət 3 dəfə çoxdur. Bizim simulyatorumuzun əsas üstünlüyü isə onu hər bir hərbi hissənin ərazisinə uyğunlaşdıra bilməyimizdir. Burada hər bir əsgər, zabit öz hərbi hissəsinin birəbir bənzərinə uyğun şəkildə təlimlərini keçir”. R.Əhmədov bildirib ki, tələb olarsa, istifadədəki təlim simulyatorunun mövcud avadanlıqlarını saxlamaqla proqram təminatını yeniləyə bilərlər. Hazırda “S-Sfera”nın bazasında digər müxtəlif zenit-raket komplekslərinin təlim-məşq qurğularının yaradılmasına baxılır. BAT-ın ikinci mühüm layihəsinin reaktiv mühərrikli hədəf PUA olduğunu deyən şirkət rəhbərinin sözlərinə görə, bir ilə yaxındır üzərində iş gedən layihə çərçivəsində 450-500 km/saat maksimal sürət əldə olunub. Müvafiq qurumların nümayəndələrinin iştirakı ilə sınaqları tamamlanmış PUA havada 50 dəqiqə qalır: “Bu PUA-mız hər növ hava hədəfinin döyüş imitasiyasını yaratmağa imkan verir. Üzərində mövcud olan cihazlar sayəsində təlim sonrası bütün məlumatların analizini çıxara bilirik. Bu PUA tək hava hücumundan müdafiə bölmələrinin raket komplekslərinin sınaqlarını keçirmək üçün deyil, həm də radarların yoxlanması üçün nəzərdə tutulub. Hədəf PUA vurulmadıqda paraşütlə endirilərək təkrar istifadə edilə bilər”. Rəşad Süleymanov