Azərbaycanda 3000-dək şəxs mina və PHS qurbanı olub

Azərbaycanda 3000-dək şəxs mina və PHS qurbanı olub

Birləşmiş Millətlər Təşkilatının qərarı ilə hər il aprelin 4-ü Beynəlxalq mina xəbardarlığı və mina aksiyalarına yardım günü kimi qeyd olunur. Hazırda dünyanın 164 ölkəsi Minalar Əleyhinə Konvensiyanın (Ottava Konvensiyası)  və 111 ölkə Kasetli Silahlara dair Konvensiyanın üzvüdür. Cənubi Qafqaz ölkələrinin də daxil olduğu 32 dövlət Ottava Konvensiyasına qoşulmayıb. Son hesabatlara görə 60 ölkədə minaların məhv edilməsi əməliyyatları aparılır, milyardlarla ABŞ dolları minalarla mübarizə proqramlarına sərf olunub. Bu Konvensiyaların qəbul olunmasından sonra yüz kilometrlərlə ərazi bu silah-sursatların təsirindən təmizlənib, 160 milyon ədəd mina və kasetli silah məhv edilib.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin (MƏAK İB) sədri Hafiz Səfixanov “AzeriDefence”ə verdiyi açıqlamasında bildirib ki, MƏAK İctimai Birliyi Azərbaycanın da bu problemlə üzləşdiyini nəzərə alaraq öz təhqiqatlarını və layihələrini həyata keçirməkdə davam edir: “Azərbaycan hazırkı hərbi-siyasi vəziyyəti nəzərə alaraq Ottava Konvensiyasına və Kasetli Silahlara dair Konvensiyaya qoşulmasa da bu sənədlərdən irəli gələn vəzifələri yerinə yetirir. Təşkilat tərəfindən aparılan tədqiqatların nəticələrinə görə Azərbaycanda 3000-dək şəxsin mina və partlamamış hərbi sursatların (PHS) qurbanı olması müəyyənləşdirilib ki, mina qurbanları arasında 18-39 yaşlı kişilər üstünlük təşkil edir”.

H.Səfixanov bildirib ki, Azərbaycanın elə bir regionu yoxdur ki, orda mina qurbanları olmasın: “Atəşkəs müqaviləsi imzalandıqdan sonra 400-dən çox vətəndaşımızın minaların və partlamamış hərbi sursatların qurbanı olması qeydə alınıb. Bundan başqa Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazdakı digər ölkələrdən 2 dəfə çoxdur”.

H.Səfixanov qeyd edib ki, bütün bunları nəzərə alaraq MƏAK İB mina qurbanlaraına hərtərəfli yardımların göstərilməsini, minaların təmizlənməsi əməliyyatlarının sürətləndirilməsini və əhali arasında mina təhlükəsinə qarşı maarifləndirmə işlərinin güçləndirilməsini vacib hesab edir və bu tipli kampaniyalarda aktiv iştirak edir.

 

 

 

CATEGORIES
TAGS