
Azərbaycan ABŞ tərəfindən 907-ci düzəlişin tamamilə ləğv olunmasını gözləyir
Azərbaycan 907-ci düzəlişin qüvvədə saxlanılmasını məntiqsiz sayır.
“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Azərbaycan-ABŞ münasibətləri fonunda 2025-ci ilin çox müsbət və zəngin il olduğunu vurğulayan nazir, Vaşinqton görüşündə 907-ci düzəlişin dayandırılması barədə sənədin imzalandığını xatırladıb: “Bu, mühüm addımdır. O sənədin qəbulu ölkəmizə qarşı ədalətsizlik idi və bu, əsassız addım olub. Azərbaycan 907-ci düzəlişin qüvvədə saxlanılmasını məntiqsiz sayır”.
C.Bayramov bu kontekstdə ABŞ-dakı mürəkkəb hüquqi sistemin mövcudluğunu diqqətə çatdırıb.
“Bildiyimə görə, 907-ci düzəlişinin tamamilə ləğvi ilə bağlı təşəbbüs irəli sürülüb. Güman edirik ki, buna nail olunacaq. Çünki bunun üçün hazırda münbit şərait var. Əgər düzəliş tamamilə aradan qaldırılarsa, bu, ABŞ-Azərbaycan münasibətlərinə, həmçinin regiondakı dəyişikliklərə çox yaxşı təsir edəcək”, – deyə nazir qeyd edib.


