Azərbaycan HHQ-nin Su-25 təyyarəsinə quraşdırılan qanadlı bombanın sınaq atışı keçirilib – VİDEO

Azərbaycan HHQ-nin Su-25 təyyarəsinə quraşdırılan qanadlı bombanın sınaq atışı keçirilib – VİDEO

“Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təlimində modernizasiya nəticəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) Su-25 hücum təyyarəsinə quraşdırılan KGK qanadlı tuşlama dəsti ilə təchiz olunan aviasiya bombasının sınaq atışı nümayiş etdirilib.

“Poliqon” xəbər verir ki, atış zamanı təyin olunan hədəf 25 kilometr məsafədən yüksək dəqiqliklə məhv edilib və KGK dəstli aviasiya bombasının effektivliyi yüksək qiymətləndirilib.

Qeyd edək ki, ötən günlərdə Azərbaycan HHQ-nin Su-25 hücum təyyarəsinə KGK qanadlı tuşlama dəsti ilə təchiz edilən aviasiya bombasının inteqrasiya olunmasına dair foto paylaşılıb.

KGK qanadlı tuşlama dəsti (Kanatlı Güdüm Kiti) Türkiyənin TÜBİTAK SAGE mərkəzi və “Kale Grubu” şirkəti tərəfindən 227 kiloqramlıq Mk-82 və 453 kiloqramlıq Mk-83 ümumi təyinatlı aviasiya bombalarının yerdəki hədəfləri dəqiqliklə vura bilməsi üçün hazırlanıb.

Bununla da KGK-82 və KGK-83 kimi adlandırılan mövcud aviasiya bombaları istənilən hava şəraitində 100 km-dən çox məsafədən atıldıqda belə dəqiq zərbə qabiliyyəti qazanıb.

Qanadlı tuşlama dəsti ilə təchiz edilmiş bomba yüksək hündürlükdən (9 km) atıldıqda maksimum 110 km və aşağı hündürlükdən (3 km) atıldıqda 37 km fəaliyyət məsafəsi əldə edir. Onun hədəfi məhvetmə dəqiqliyi yüksək və INS/GPS ilə dairəvi sapma ehtimalı 10 metrdən azdır.

Poliqon.az

CATEGORIES
TAGS