HavaXəbərlər

Azərbaycan HÜRKUŞ təyyarələrinin növbəti müştərisi olmağa yaxındır

Azərbaycan və Türkiyə arasında HÜRKUŞ təlim təyyarələrinin tədarükü ilə bağlı razılıq əldə olunub və tərəflər müqavilənin imzalanması mərhələsinə çatıb.

“Poliqon” xəbər verir ki, bu barədə TUSAŞ şirkətinin baş direktoru Mehmet Demiroğlu “Haber Türk” televiziya kanalına müsahibəsində bildirib.

Türkiyənin yerli və milli HÜRKUŞ təlim təyyarəsi layihəsinin son vəziyyəti ilə bağlı danışan M.Demiroğlunun sözlərinə görə, HÜRKUŞ-un müxtəlif variantları ixrac edilib, lakin bəzi səbəblərə görə onun təkmilləşdirilməsinə ehtiyac yaranıb: “HÜRKUŞ-un A, B və C variantları var idi. Biz onları satdıq, yəni ixracını da həyata keçirdik. Lakin bəzi səbəblərə görə təkmilləşdirməyə ehtiyac yarandı. Buna görə də HÜRKUŞ 2 adlandırdığımız yeni inkişaf proqramına başladıq. Cari ay etibarilə bütün inkişaf sınaqları və sertifikatlaşdırma prosesləri tamamlanıb, artıq təhvil-təslimlərə başlanılıb”.

Baş direktor beynəlxalq bazardan HÜRKUŞ-a yüksək tələbat olduğunu vurğulayaraq ixrac prosesi ilə bağlı son vəziyyəti şərh edib.

“Azərbaycanla artıq razılığa gəlmişik, demək olar ki, müqavilənin imzalanması mərhələsindəyik. Həm Körfəz ölkələrindən, həm də Afrikadan ciddi maraq var və bu maraq sadəcə baxmaq deyil, almaq niyyətinə əsaslanır. Cənubi Amerikadan da maraq göstərilir. Burada sərgi zamanı görüşdüyümüz nümayəndə heyətlərinin bir qismi HÜRKUŞ-u çox ciddi şəkildə nəzərdən keçirir. Yəni HÜRKUŞ-un həm təlim, həm də silahlı versiyasına ciddi maraq var”, – deyə Mehmet Demiroğlu qeyd edib.

Back to top button