Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qazaxıstanlı həmkarı ilə görüşüb
Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin Bakıda keçirilən növbəti iclası çərçivəsində Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qazaxıstan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Marat Xusainov ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, general-polkovnik K.Vəliyev hər iki ölkənin orduları arasında əməkdaşlığın inkişaf etdiyini və bu inkişafın cari ildə daha da sürətləndiyini vurğulayıb.
O, bildirib ki, hərbi nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, habelə aparılan təcrübə mübadilələri hər iki ölkənin orduları arasında əlaqələrin daha da genişlənməsinə təkan verib.
General-polkovnik K.Vəliyev Azərbaycanın Qazaxıstan ilə hərbi əlaqələrin inkişaf etdirilməsinə böyük önəm verdiyini və bu məsələlərin Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzində olduğunu xüsusi vurğulayıb.
Qeyd edilib ki, hər iki ölkə həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir, bütün məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirirlər. Bildirilib ki, beynəlxalq arenada baş verən hadisələr, həmçinin hər iki ölkənin yerləşdiyi bölgələrdə yaranmış vəziyyət və yeni çağırışlar ikitərəfli münasibətlərin möhkəmləndirilməsini zəruri edir.
Öz növbəsində, Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant M.Xusainov Qazaxıstanın da Azərbaycan ilə hərbi əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdıraraq bunun hər iki ölkənin maraqlarına cavab verdiyini vurğulayıb.
Tərəflər Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib, bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd ediblər.