Azərbaycan-Pakistan hərbi sənayesinin perspektiv inkişafına baxış

Azərbaycan-Pakistan hərbi sənayesinin perspektiv inkişafına baxış

Azərbaycan Respublikasının hərbi əməkdaşlıq sferasında Pakistan İslam Respublikası mühüm rol oynayır. İki ölkə arasında güclü hərbi əlaqələr mövcuddur. Pakistanla Azərbaycan arasında hərbi əməkdaşlıq 2005-ci ildə iki ölkə arasında strateji çərçivə sazişi imzalandıqdan sonra genişlənməkdədir. Pakistan Azərbaycanın müdafiə sahəsində təlim və potensialının gücləndirilməsi istiqamətində geniş əməkdaşlıq edir, Azərbaycanın silahlı qüvvələrinin müasirləşdirilməsi üzrə planlarını tam dəstəkləyir. Hərbi istehsal və hərbi sənaye sahəsində geniş potensialı olan Pakistan bu sahədə həmişə Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu bildirir. Bununla yanaşı Pakistan Azərbaycana özünün hərbi sənaye kompleksinin ən müasir məhsullarını təklif edir. Bu yazımızda Azərbaycan-Pakistan hərbi sənayesinin perspektiv inkişafına nəzər yetirməyə çalışacağıq.

Hərbi müstəvidə Azərbaycanın qurduğu çoxsaylı beynəlxalq əməkdaşlıq bu gün Azərbaycana böyük üstünlüklər qazandırmaqda, çoxsaylı müasir silah və hərbi texnikanın idxalına və ya birgə istehsalına imkan yaratmaqdadır. Bu xüsusda Azərbaycanın yaxından əməkdaşlıq etdiyi ölkələrdən biri də Paksitandır. Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Eyni zamanda, Qarabağ münaqişəsinə görə, Ermənistanı bir dövlət kimi qəbul etməyən və bugünədək tanımayan Pakistan onunla heç bir sahədə əlaqə qurmur və əməkdaşlıq etmir. Pakistan bütün beynəlxalq tədbirlərdə daim Azərbaycanın mövqelərini müdafiə edir və Ermənistanın işğalçı siyasətini pisləyir. Öz növbəsində Azərbaycan mübahisəli Kəşmir məsələsində həmişə Pakistanın yanında olub. Azərbaycan bütün nüfuzlu beynəlxalq təşkilatlarda və tədbirlərdə Pakistanın mövqelərini müdafiə edib. Bu gün Azərbaycan və Pakistan arasında müxtəlif sahədə, o cümlədən də hərbi sahədə əməkdaşlıq uğurla inkişaf edir.

Azərbaycan-Pakistan əlaqələrinin möhkəmləndirilməsi

Azərbaycan və Pakistan arasındakı əlaqələr 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqarinin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanan Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında əməkdaşlıq haqqında müqavilədən sonra güclənməyə başlayıb. 2002-ci ildə Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında Müdafiə və Hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb. Prezident İlham Əliyev 2009-cu il mayın 19-da Pakistan İslam Respublikasının müdafiə sənayesi federal naziri Əbdül Qəyyum Xan Catoyu qəbul edib. Pakistan prezidenti Məmnun Hüseyn 2015-ci il martın 11-də, müdafiə sənayesi naziri Rana Tanvir Hussain 2016-cı sentyabrın 26-da, Pakistanın baş naziri Nəvaz Şərif isə 2016-cı il oktyabrın 13-15-də Azərbaycanda böyük nümayəndə heyəti ilə rəsmi səfərdə olublar. Səfər çərçivəsində Azərbaycan və Pakistan hərbi sənaye sahəsində əməkdaşlığın inkişafı üzrə işçi qrupun yaradılması haqqında razılıq əldə edilib.

a499c757 b55b 45e3 9f15 9ca251080804 850

Prezident İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif ilə görüşündən

2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak etdiyi günlərdə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif və Prezident Məmnun Hüseynlə görüşlərində müdafiə və müdafiə sənayesi sahəsində konkret layihələr müzakirə olunub. Azərbaycanın Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksinin məhsullarını idxal etməsi ilə bağlı razılaşma əldə edilib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın məqsədi Pakistanla birgə layihələr həyata keçirmək üçün iki dövlətin hərbi sənaye kompleksinin əlaqəli fəaliyyətini təmin etməkdir. Artıq bu istiqamətdə real işlər aparılır. Qısa müddətdə ən yüksək səviyyədə ard-arda səfərlər, Azərbaycan Prezidentinin isə Pakistana son səfəri bir daha göstərir ki, iki ölkə arasında sıx müttəfiqlik münasibətləri qurulub. Pakistan Azərbaycanın nüvə silahı olan ən yaxın müttəfiqi sayılır. Pakistan müdafiə sənayesi inkişaf etmiş ölkə kimi Azərbaycan üçün vacib bir dövlətdir. Pakistanla hərbi əməkdaşlığın genişləndirilməsi Azərbaycana üstünlüklər gətirir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Hərbi məsələlər şöbəsinin rəhbəri, general-polkovnik Məhərrəm Əliyev bildirib ki, Pakistan İslam Respublikası Qarabağ münaqişəsi başladıqdan sonra Türkiyə ilə yanaşı Azərbaycana ilk dəstək göstərən dövlətlərdəndir: “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib. Pakistan Azərbaycana müxtəlif müdafiə sənayesi məhsulları təklif edən qardaş ölkələrdəndir. Eyni zamanda, 2015-ci ildə iki ölkə arasında Strateji əməkdaşlıq haqqında Bəyannamənin imzalanması ilə təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığı yeni mərhələyə doğru yüksəldib. Statistik rəqəmlər də əldə edilən uğurlu hərbi əməkdaşlığı təsdiq edir”.

Pakistan hərbi sənaye kompleksinə daxil olan dövlət və özəl təşkilatlar Azərbaycanın istədiyi silah, sursat və texniki vasitələri qısa zamanda tədarük edə bilmək imkanına malikdir. Bu, Azərbaycanı bütün platformalarda dəstəkləyən Pakistan tərəfinin 2020-ci ildə cəbhədə vəziyyət gərginləşdiyi zaman rəsmi səviyyədə Azərbaycana öz dəstəyini təklifində də bildirilib: “Azərbaycana istənilən silah, döyüş sursatları və texnikanı tədarük edə bilərik. Bu həm müəssisələrin istehsalından, həm də təcili olan hallarda ordunun ehtiyatından çıxarılaraq təmin edilə bilər. Azərbaycan Ordusunda bu gün Pakistan istehsalı olan bəzi məhsullar istifadə edilir. Biz Bakıdan istəklərini bildirməsini gözləyirik. Pakistan hərbi sənayesinin məhsullarında xaricə bağımlılıq yoxdur. Bu da istənilən silah və texnikanı heç bir embarqoya məruz qalmadan, qısa zamanda tədarük etməmizə imkan verir”.

001

Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Pakistanın müdafiə istehsalatı naziri Zobaida Cəlalı qəbul edib

Azərbaycan-Pakistan əlaqələrinin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən növbəti addımlardan biri də Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının Pakistan İslam Respublikası tərəfindən həmsədri, Pakistanın müdafiə istehsalatı naziri Zobaida Calalın başçılıq etdiyi nümayəndə heyətinin 2021-ci il noyabrın 29-dan dekabrın 3-dək Azərbaycanda rəsmi səfərdə olmasıdır. Azərbaycan-Pakistan Birgə Komissiyasının 7-ci iclası ilə əlaqədar Azərbaycanda rəsmi səfərdə olan Zobaida Cəlalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib. Görüşdə Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Xanım Zobaida Cəlalın səfərinin iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd edilib. Görüşdə hərbi-texniki sahələr də daxil olmaqla əməkdaşlıq münasibətlərinin bütün sahələr üzrə genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının müxtəlif istiqamətlərdə daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının 7-ci iclasında Komissiyanın Azərbaycan Respublikası tərəfindən müdafiə sənayesi naziri Mədət Quliyevin və Pakistan İslam Respublikası tərəfindən Zobaida Calalın həmsədrliyi ilə keçən toplantı çərçivəsində iki ölkə arasında gələcək perspektivlər müzakirə olunub, müdafiə sənayesi və digər sahələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Pakistanın müdafiə istehsalatı naziri Zobaida Cəlal arasında keçirilən körüşdə Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişafından və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub. İki ölkə arasında hərbi əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib. Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi istehsalat sahələrində Pakistan və Türkiyə ilə birgə ikitərəfli, o cümlədən üçtərəfli əməkdaşlıqların inkişaf perspektivləri və qarşılıqlı maraq doğran digər məsələlər müzakirə olunub.

“JF-17 Thunder” qırıcılarına və ballistik raket sistemlərinə maraq    

pakistan azerbaycan herbi 3

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov PAC müəssisəsində JF-17 “Thunder” döyüş təyyarəsi ilə tanış olarkən

Hazırda Azərbaycan üçün maraq doğuran əsas məqamlardan biri Pakistandan “JF-17 Thunder” qırıcılarının alınmasıdır. Azərbaycan Pakistandan “JF-17 Thunder” qırıcılarını almaq üçün çoxdandır müzakirələr aparır. Pakistan Aeronautical Complex (PAC) təşkilatının sədri, Hava Qüvvələri marşalı Ərşad Malik “Poliqon” jurnalına müsahibəsində bildirib ki, Azərbaycanın JF-17 “Thunder” təyyarəsinə marağı var. Onun sözlərinə görə, dövlət başçıları arasında bu təyyarənin əldə edilməsinə dair söhbət olub. 2014-cü ildə Müdafiə Nazirliyinin rəhbərliyi Pakistan səfəri əsnasında PAC müəssisəsini ziyarət edərək təyyarə ilə yerində tanış olub. PAC rəsmilərinin sözlərinə görə, 2019-cu ildə Azərbaycan və Pakistan arasında JF-17 “Thunder” döyüş təyyarələrinin alqı-satqısına dair müqavilə bağlanması planlaşdırılırdı. Azərbaycanın yaxından maraqlandığı Block III konfiqurasiyası artıq hazırlanıb. Təyyarəyə AESA radarı seçilib və bu radarla sınaqları keçirilib. JF-17 Block III konfiqurasiyasının seriyalı istehsalı da 2019-cu ilin sonları, 2020-ci ilin əvvəllərinə nəzərdə tutulurdu. PAC rəsmilərinin sözlərinə görə, təyyarənin Azərbaycana satışına mane ola biləcək texniki məsələlər çözülüb. Görülən tədbirlər nəticəsində yaxın tezlikdə bu qırıcıların Azərbaycan Ordusunun ixtiyarında olması gözlənir.

Onu da bildirək ki, “JF-17 Thunder” yüngül qırıcılardır və xüsusən dağlıq relyefdə döyüş əməliyyatlarının aparılması üçün əlverişlidir. Lakin Azərbaycanı təkcə “JF-17 Thunder” qırıcıları maraqlandırmır. Azərbaycan Pakistandan digər hərbi texnologiya, silahlar və müdafiə təyinatlı digər məhsullar idxal etməkdə maraqlıdır. Məlumat üçün bildirək ki, Pakistan Asiya regionunda güclü hərbi sənaye kompleksinə malik ölkələrdən biridir. Bu hərbi sənaye kompleksi Pakistan ordusunun kiçik atıcı silahlardan tutmuş tanklara və artilleriya vasitələrinə, təyyarələrdən tutmuş ballistik raketlərə, ən müxtəlif döyüş sursatlarına qədər praktiki olaraq bütün ehtiyaclarını ödəyə bilir. Azərbaycan üçün isə Paksitanın uzaqmənzilli raketləri və hərbi təyyarələri daha çox maraq doğurur.

shaheen 1

Pakistan istehsalı olan “Shaheen-1A” (“Şahin-1A”) ballistik raketi

Pakistan istehsalı olan orta mənzilli “Şahin” ballistik raketləri də çoxdan Azərbaycanı maraqlandırır. Azərbaycan Pakistandan 750 kilometr mənzilli “Şahin-1″ ballistik raketlərini almaqda maraqlı tərəf kimi çıxış edir. Son illərdə Azərbaycan və Pakistan mediası Azərbaycanın Pakistandan müasir orta və yaxın mənzilli “Şahin” ballistik raketləri aldığını yazır. Lakin bu barədə nə Pakistan, nə də Azərbaycan tərəfi heç bir rəsmi açıqlama verməyib. Yüksək dəqiqliyə malik “Şahin-1” raketləri strateji obyektlərin, komanda məntəqələrinin və infrastrukturun məhv edilməsi üçün nəzərdə tutulub. Qeyd edək ki, “Şahin” raketlərinin bir neçə modifikasiyası mövcuddur. Çin texnologiyasının köməyilə istehsal edilən və Hindistanla qarşıdurmada Pakistanın əsas çəkindirici elementi olan “Şahin” ballistik raketlərinin radiusu 500-600 kilometrdən 2300 kilometrə qədər dəyişir. Raketlər 700-1230 kq ağırlığında müxtəlif modifikasiyalı döyüş başlıqları daşıya bilir. Düşmənin hava hücumundan müdafiə sistemini dəf etmək üçün raketlərin döyüş başlığı hədəfə yaxınlaşanda əsas blokdan ayrılır. Raketlər 12 oxlu mobil platforma üzərində yerləşdirilib. Yaxın gələcəkdə həmin raketlərin müəyyən partiyasının Azərbaycana tədarük edilməsi gözləniləndir.

supper musak 1Bu günə qədər Azərbaycan ilə Pakistan arasında ən böyük satınalma MFİ-395 “Super Muşşak” təlim təyyarələri olub. 2017-ci ilin iyul ayında Azərbaycan Hərbi Hava Qüvvələri ilə PAC KAMRA (Pakistan Aeoronautical Complex) arasında imzalanan müqaviləyə əsasən 10 ədəd MFİ-395 “Super Muşşak” təlim təyyarəsi əldə edilib. “Super Muşşak” təyyarəsinin heyəti iki nəfər, uzunluğu 7.15 m, qanad açıqlığı 8.85 m, hündürlüyü 2.60 m, boş çəkisi 760 kq, uçuş ağırlığı 1250 kq, maksimal sürəti 268 km/saat, kreyser sürəti 240 km/saat təşkil edir. 260 at gücündə bir ədəd “Textron Lycoming IO-540 V4A5” (6 silindr) mühərriki ilə təchiz olunmuş təyyarənin birbaşa uçuş uzaqlığı 814 kilometr, uçuş hündürlüyü isə 6705 metrə çatır. “Super Muşşak” xarici asmada 300 kq yük götürmə qabiliyyətinə malikdir.

Azərbaycanın hərbi sənayesinin inkişafında Pakistanın rolu

Azərbaycanın hərbi sənayesinin inkişafına da Pakistanın köməyi dəyə bilər. 2016-cı il oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın baş naziri Məhəmməd Nəvaz Şəriflə birgə mətbuat qarşısında çıxışında Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi olduğunu və bu sahədə əməkdaşlığı çox ətraflı müzakirə etdiklərini qeyd edib. Azərbaycanın da öz müdafiə sənayesini inkişaf etdirdiyini deyən dövlət başçısı bildirib ki, Azərbaycan və Pakistan birgə istehsalatı qurmaq üçün müştərək şəkildə işləyə bilər.

Azərbaycan, Türkiyə və Pakistan müdafiə sənayesi sahəsində də birgə müəssisələr yarada bilər. Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif Bakıda Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının ilk üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında üç tərəfdaş ölkənin müdafiə sənayesi sahəsində birgə müəssisələr yaratması təklifi ilə çıxış edib. Pakistanlı nazirin təklifi Azərbaycan və Türkiyədə müsbət qarşılanıb. Bildiyimiz kimi, Azərbaycan hər iki ölkə ilə – Türkiyə və Pakistanla digər sahələrdə olduğu kimi hərbi sahədə də sıx əməkdaşlıq edir. Birgə hərbi müəssisənin yaradılması əlaqələri daha da gücləndirəcək. Artiq yüksək səviyyədə olan münasibətlər hərbi sənaye kompleksi formalaşdırmaq qərarı ilə müşayiət olunur. Pakistanın hərbi imkanları kifayət qədər güclüdür. Silahlı qüvvələr hər zaman bu ölkənin həyatında önəmli yer tutub. Yuxarıda da qeyd etdiyimiz kimi Pakistan bu gün modern silahlara malikdir. Bu baxımdan Pakistan, Türkiyə və Azərbaycan birgə müxtəlif xarakterli silahların hazırlanmasında əhəmiyyətli addımlar ata bilər.

Pakistan şirkətlərinin potensial layihələri

pakistan azerbaycan herbi 2

Azərbaycan MSN-in nümayəndə heyəti POF şirkətinin istehsalı olan döyüş sursatları ilə tanış olarkən

Pakistan şirkətləri Azərbaycanın tələblərini qarşılamaq üçün zəruri texnologiyaları Azərbaycana transfer etməyə maraqlıdırlar. Pakistan tərəfi Azərbaycanla aviasiya, aviasiya silahlanması, eləcə də bir sıra döyüş sursatlarının, artilleriya silahlarının birgə istehsalına hazır olduğunu bəyan edir. Hələ 2012-ci ildə Pakistanın GİDS şirkəti və Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) arasında Bakıda bir yerdə “RPB-1” tipli aviasiya bombalarının istehsalına dair ilkin anlaşma da əldə olunub.

Pakistanın Müdafiə Sənayesi İxracının Təşviqi Təşkilatından (DEPO) “Poliqon”a  verilən açıqlamaya görə, Pakistanın hərbi şirkətlərinin yaxın perspektivdə Azərbaycana məhsul ixracına dair marketinq çalışmaları aparılır. DEPO-dan bildirilib ki, hazırda bir neçə Pakistan şirkəti – GİDS, POF və PAC tərəfindən Azərbaycana müəyyən məhsulların ixracatı həyata keçirilir. Ölkələr arasında hərbi əlaqələrin yüksək səviyyədə olmasına baxmayaraq, Azərbaycana hərbi məhsulların satış həcminin az olduğunu vurğulayan təşkilat nümayəndələri bildiriblər ki, sözügedən mövzuda Azərbaycan yetkililəri ilə görüş və müzakirələr keçirilib. Hazırda bir neçə Pakistan şirkətinin potensial layihələri var. Eyni zamanda Azərbaycan MSN-in bir müəssisəsi POF şirkəti ilə tərəfdaş qismində xaricə satışlar həyata keçirir.

Pakistan müdafiə sənayesinin aparıcı qurumu olan Pakistan Ordnance Factories (POF) direktorlar şurasının sədri general-leytenant Ömər Mahmud Həyat “Poliqon” jurnalına müsahibəsində bildirib ki, Azərbaycanla bir neçə layihəni nəzərdən keçirirlər. Generalın sözlərinə görə, POF rəhbərliyi Azərbaycanın müdafiə sənayesi müəssisələri, o cümlədən Silahlı Qüvvələrin ayrı-ayrı strukturları arasında görüşlər keçirilərək müzakirələr aparılıb. POF sədri yaxın perspektivdə bu layihələrdən bir neçəsinin reallaşacağına ümid etdiyini bildirib. General qeyd edib ki, POF və MSN arasında əməkdaşlığın yaradılması istiqamətində bir neçə görüşlər keçirilib. Azərbaycan MSN nümayəndələri 2016-cı ilin may ayında Pakistanda POF şirkətinin artilleriya sursatları zavodunda olublar.

“POF Pakistan silah sənayesinin aprıcı dövlət müəssisəsidir. Azərbaycanla müzakirələrimiz 2016-ci ildən başlayıb. Müdafiə Sənayesi Nazirliyinin heyəti bizim müəssisələrdə olub. Onlarla əməkdaşlığın perspektivlərini müzakirə etmişik. Düşünürəm ki əməkdaşlığımız iki istiqamətdə – ixracat və birgə istehsal formasında ola bilər. Artıq ortada niyyət var. Eyni zamanda ixracatla bağlı görüşmələrimiz davam edir. Biz Azərbaycana fərqli layihələr üzrə texnologiyaların transferini də müzakirə edirik. Düşünürəm ki yaxınlarda uğurlu nəticələrə imza atacağıq”, – deyə general-leytenant Ömər Mahmud Həyat vurğulayıb.

GIDS Azərbaycanla yeni layihələrə hazırlaşır

Pakistan müdafiə sənayesinin aparıcı təşkilatlarından olan GİDS şirkətinin biznesin inkişafı üzrə direktoru Əsəd Kamal 2020-ci ildə “Poliqon” jurnalına müsahibəsində bildirib ki, GİDS Azərbaycanla bir sıra məhsulların birgə istehsalı və texnologiya transferinə dair müzakirələr aparır. Onun sözlərinə görə, ötən müddətdə GİDS və Müdafiə Sənayesi Nazirliyi arasında bununla bağlı görüşlər keçirilib: “Azərbaycan tərəfi bizim imkanlarımızla yaxından tanışdır. Bu günədək DİN Daxili Qoşunlarına və bir neçə quruma kiçik həcmli də olsa məhsullar ixrac etmişik. Müdafiə Sənayesi Nazirliyinə daxil olan müəssisələrlə görüşmələrimiz olub və Azərbaycan tərəfi bəzi məhsulların birgə istehsalına maraqlı olduğunu deyir. Bu istiqamətdə bir neçə görüşümüz olub”.

DSC02587 — копия

Azərbaycan HHQ-nin komandanı general-leytenant Ramiz Tahirov GİDS stendində yönləndirmə dəsti ilə təchiz olunan “Tekbir” aviasiya bombası ilə tanış olarkən

Əsəd Kamal Azərbaycan müdafiə sənayesi müəssisələrinin GİDS-lə birgə aviasiya bombaları üçün partladıcılar, dərinlik bombaları, optik sistemlər, proqram təminatlarının hazırlanması sahəsində əməkdaşlığa maraqlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, GİDS Azərbaycanla bütün sahələrdə əməkdaşlığa açığıqdır, Azərbaycan Ordusu və müdafiə sənayesi ilə təcrübələrini, texnologiyalarını bölüşə bilərlər. GİDS-in innovativ məhsullarının Pakistan Silahlı Qüvvələri və bir sıra Yaxın Şərq dövlətlərinin orduları tərəfindən istifadə olunduğunu vurğulayan Əsəd Kamalın sözlərinə görə, bu məhsullar öz texnoloji imkanlarına görə, xarici analoqları ilə rəqabət aparır.

“Pakistan dünyanın ən böyük silahlı qüvvələrindən birinə malikdir. Pakistan ordusu daim döyüş vəziyyətindədir. Həm terrorçularla, həm də Hindistanla sərhəddə döyüş əməliyyatları aparır. Onu da deyim ki, Pakistan ordusunun istehsalçılar qarşısında sərt tələbləri var və bu da daha mükəmməl məhsulların istehsalına gətirib çıxarır”, – deyə Ə. Kamal bildirib.

Şirkət rəsmisi onu da əlavə edib ki, GİDS-in PAKFİRE Artilleriya Atəş İdarəetmə Sistemi, aviasiya bombaları, aviasiya vasitələri üçün flare ve chaff sistemləri, zenit topları üçün məsafədən idarəetmə və komanda sistemi, hərbi batareyaları Azəbaycan hərbçiləri tərəfindən bəyənilib. Məsələn, GİDS tərəfindən Pakistan Ordusunda mövcud olan 37 mm-lik iki lüləli zenit topları müasiləşdirilib və bunun üçün xüsusi atəş idarəetmə sistemi yaradılıb. Bununla topun heyəti azaldılıb və idarə etməsi məsafədən, hətta bir neçə yüz metr uzaqlıqdan, bağlı sığınacaqlardan belə həyata keçirilə bilir. Azərbaycan Ordusunda 23 mm-lik toplar var. Bu idarəetmə sistemini həmin toplara tətbiq etməklə, heyətin sayını azaltmaq, idarəetməni məsafədən həyata keçirmək və asanlaşdırmaq, təhlükəsizliyi təmin etmək mümkündür. Eləcə də bununla silahın hədəfi yüksək sürətlə izləməsi təmin edilir.

Nəticə olaraq qeyd edə bilərik ki, Azərbaycan və Pakistan arasında güclü hərbi əlaqələr var. Xüsusən də Qarabağ müharibəsi bitdikdən sonra, əlaqələrin gücləndirilməsi hər iki dövlətin diqqət mərkəzindədir. Bu əməkdaşlığın önümüzdəki aylarda və illərdə daha da güclənəcəyi gözlənilir. Ötən illərdə müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə dair çox sayda görüşlər olub. Əməkdaşlığın daha da gücləndirilməsi üçün ikitərəfli əlaqələrin gələcəkdə yeni və yüksək mərhələyə keçəcəyi hədəflənib. Pakistan və Azərbaycan ölkənin müdafiə qabiliyyətlərini artıracaq müdafiə platformalarını birlikdə inkişaf etdirmək, birgə istehsalatı qurmaq üçün müştərək şəkildə işləyə bilər.

Zaur Babaşov

POLİQON JURNALI

CATEGORIES
TAGS