Azərbaycan Pakistandan 1.6 milyard dollar dəyərində JF-17C Block III qırıcıları alır

Azərbaycan Pakistandan 1.6 milyard dollar dəyərində JF-17C Block III qırıcıları alır

Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) Pakistanın “Pakistan Aeronautical Complex” şirkətindən JF-17C Block III döyüş təyyarələri alır.

“Poliqon” Pakistan KİV-lərinə istinadən xəbər verir ki, tərəflər arasında JF-17C Blok-III-lərin və döyüş sursatlarının alınmasını, eləcə də şəxsi heyətə təlimlərin keçirilməsini nəzərədə tutan 1.6 milyard ABŞ dolları dəyərində müqavilə imzalanıb.

Bildirilib ki, bu, Pakistan müdafiə sənayesi tarixinin ən böyük ixrac müqaviləsidir.

JF-17 “Thunder” qırıcısı Pakistanın “Pakistan Aeronautical Complex” və Çinin “Chengdu Aircraft Industry Corporation” (CAIC) şirkəti tərəfindən birgə hazırlanıb. Pakistan HHQ-də JF-17 “Thunder” olaraq adlandırılan təyyarə Çində “Chengdu FC-1 Xiaolong” adı ilə tanınır.

Block III modifikasiyası JF-17-nin hələlik sonuncu –  2019-cu il nümunəsidir. JF-17 Block III təyyarəsinin seriyalı istehsalına 2020-ci ildə başlanıb. Bu versiya, digər üstünlüklərlə yanaşı, havada yanacaq doldurma sisteminə və mükəmməl radara malikdir. Xüsusilə, Blok III modifikasiyasında təyyarəyə yer fonu da daxil olmaqla uzaq məsafədən hədəfləri aşkar etməyə imkan verən “Active Electronically Scanned Array” (AESA) radar sistemi nəzərdə tutulub. Radara əlavə olaraq, təyyarə kabinada bir neçə rəngli displey və dəbilqəyə quraşdırılmış nişangahla təchiz olunub ki, bu da təyyarənin idarə olunmasını və hava döyüşünü xeyli asanlaşdırır.

AESA radarı – KLJ-7A aktiv fazalaşdırılmış anten şəbəkəsi olmaqla “China Electronics Technology Group Corporation” (CETGC) tərəfindən istehsal edilir. İstehsalçı CETGC, KLJ-7A radarının ABŞ-ın beşinci nəsil F-35 döyüş təyyarələrində istifadə edilən radara bənzər xüsusiyyətlərə sahib olduğunu iddia edir. Xüsusilə, yeni radarın köməyi ilə JF-17 Block III təyyarəsi 170 km məsafədəki hədəfləri aşkarlaya bilir və baza versiyaları APAA radarları ilə təchiz olunmamış F-16 C / D və F-15 C / D təyyarələri üzərində döyüş üstünlüyünə malikdir.

Təyyarə yüksək manevr qabiliyyətinə, yüksək dartqı gücünə malik müasir yeni nəsil mühərrikə sahibdir. Demək olar ki, 4 ton döyüş yükü daşıyır. O, yaxın və orta mənzilli “hava-hava” və “hava-yer” sinif raketləri, bombaları, gəmi əleyhinə və radar əleyhinə raketləri, asma yanacaq çənlərini daşıya bilir. Quraşdırılmış 23 mm-lik iki lüləli topa sahibdir.

Onun uzunluğu 14970 mm, qanad açıqlığı 9460 mm və hündürlüyü 4770 mm təşkil edir. Boş kütləsi 6411 kq olan təyyarənin maksimal uçuş ağırlığı 12474 kiloqramdır. Qırıcıya Rusiya istehsalı bir ədəd RD-93 mühərriki (və ya onun Çin analoqu WS-13) güc verir ki, bu da ona maksimum 1.8 Mach sürətlə uçmaq imkanı təmin edir. JF-17-nin döyüş radiusu 1350 km, uçuş məsafəsi 2037 km (üç ədəd əlavə yanacaq çəni ilə 3000 km) və maksimum uçuş hündürlüyü 16700 metrdir.

CATEGORIES
TAGS