Azərbaycan Prezidenti: “Ermənistan təhlükəli oyunlara qoşulub və İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın”
“Ermənistan təhlükəli oyunlara qoşulub və İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın. O, onların yadından çıxıb. İndi yeni sahiblər tapıblar. O sahiblər qabağında diz üstə yürüyürlər”.
“Poliqon” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl sakinləri ilə görüşdə söyləyib.
Dövlət başçısı bildirib ki, antiterror əməliyyatı onların yadından çıxmasın: “Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik.
Əgər Cəbrayılı, şəhəri azad etmək üçün bizə bir həftə lazım idisə, Qarabağı 44 günə azad etmişiksə, separatçıların yuvası olan o bölgələri cəmi bir neçə saat ərzində azad etmişik. Bizimlə heç kim zarafat etməsin və səbrimizlə də oynamasın. Mən bu sözləri istənilən yerdə deyə bilərdim. Çünki yenə də deyirəm, Azərbaycan xalqına həmişə həqiqətləri deyirəm, fikirlərimi deyirəm. Dünyada vəziyyət dəyişir. Əlbəttə ki, bizim də hadisələrə münasibətimiz adekvat olmalıdır. Ancaq hesab etdim ki, mən bu sözləri bax, bu dağıntılar və bu gözəl binalar arasında deməliydim ki, onu həm Azərbaycan xalqı eşitsin, həm bizim dostlarımız eşitsin və bir daha bizim Qələbəmizə sevinsin, düşmənlərimiz də eşitsin və düzgün nəticə çıxarsın”.