SərgilərXəbərlər

Azərbaycan üçün istehsal olunan ilk SAM120 minaatanı ADEX-2026-da nümayiş etdirilib

Azərbaycanın sifarişi əsasında Slovakiyanın “ZTS Special” dövlət şirkəti tərəfindən istehsal olunan ilk SAM120 özüyeriyən avtomatik minaatan sistemi Bakıda keçirilmiş ADEX-2026 sərgisində nümayiş etdirilib.

“Poliqon” xəbər verir ki, Slovakiyanın Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak sərgi çərçivəsində jurnalistlərə açıqlamasında SAM120 sisteminin Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın ilk nəticəsi olduğunu bildirib.

“Əslində bu, bizim əməkdaşlığımızın nəticəsidir. İlk növbədə 120 millimetrlik yeni avtomatik minaatanlarla bağlı razılaşma əldə etdik. Bu, həmin əməkdaşlığın ilk nəticəsidir və Azərbaycana təhvil verilən ilk texnikadır. Bu müqavilə əsasında ilk üçdə bir hissə Slovakiyada istehsal olunacaq. Bu müddət ərzində texnologiyanı Azərbaycana ötürəcəyik. Növbəti üçdə bir hissənin 50-50 nisbətində istehsal olunacağını ümid edirəm. Daha sonra isə məhsul tamamilə Azərbaycanda istehsal ediləcək”, – deyə Robert Kalinak vurğulayıb.

Xatırladaq ki, cari ilin fevralında “World Defence Show 2026” sərgisi çərçivəsində Azərbaycan Slovakiyanın “ZTS Special” dövlət şirkəti ilə SAM120 (AM120) özüyeriyən avtomatik minaatan sistemlərinin alınmasına dair 210 milyon avro dəyərində çərçivə müqaviləsi imzalayıb. Müqavilə Azərbaycanın dövlət şirkəti olan “İqlim Elmi-İstehsalat Müəssisəsi” ilə bağlanıb. Müqavilə çərçivəsində təxminən 300 ədəd SAM120 sisteminin alınması nəzərdə tutulur.

Özüyeriyən avtomatik minaatan sistemi 2024-cü ildə Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilmiş IDEB-2024 sərgisində AM120 adı altında təqdim olunub. Uzaqdan idarə olunan qüllədə quraşdırılmış 120 mm-lik avtomatik minaatan “Excalibur Army” şirkətinin 6×6 təkər formullu TATRA FORCE T 815-7 yük maşınının şassisinə inteqrasiya edilib. Platforma iki sıralı, dörd nəfərlik zirehli “Puma L2 Long” kabinası ilə təchiz olunub.

Sistem “ZTS Special”, LANSYS atəşi idarəetmə sistemini təmin edən “Kerametal” (Slovakiya), həmçinin şassi və kabinanı təqdim edən “Czechoslovak Group” (Çexiya) şirkətlərinin birgə əməkdaşlığı nəticəsində hazırlanıb.

120 mm-lik avtomatik minaatan üzərində işlərə 2018-ci ildə Çexiyanın elan etdiyi özüyeriyən minaatan tenderi çərçivəsində başlanılıb. Çexiya Ordusu 62 ədəd özüyeriyən minaatan əldə etməyi planlaşdırırdı və əsas tələblərdən biri həm yarımdüzünə, həm də düzünə atəş imkanının mövcudluğu idi. Lakin Rusiya-Ukrayna müharibəsi zamanı əldə edilən nəticələr də daxil olmaqla, yekun seçimin edilməsi iki dəfə təxirə salınıb.

SAM120-nin artilleriya qurğusu 120 mm kalibrli, xəzinədən doldurulan hamar lüləli minaatandır. Sistem 60 minalıq doldurma mexanizmi ilə təchiz olunub. Bütün avadanlıq kifayət qədər geniş qüllədə yerləşdirilib və bu, ikinci döyüş dəsti üçün əlavə yer yaradır. Nəqletmə paketlərində əlavə 40 ədəd mina daşımaq mümkündür.

Qüllə tam fırlanandır və 360 dərəcə dönmə qabiliyyətinə malikdir. Lülənin şaquli tuşlanma bucağı 40-80 dərəcə arasındadır. Bu xüsusiyyət Çexiya Ordusunun tələbləri baxımından problem yaradır, çünki sistem düzünə atəş üçün nəzərdə tutulmayıb.

Özüyeriyən minaatanın minimal atəş məsafəsi 504 metr, maksimal məsafəsi isə 8200 metrdir. Atış sürəti dəqiqədə 18-20 atəş təşkil edir ki, bu da hər 3 saniyədən bir atəş açmaq imkanı verir və analoqlarla müqayisədə yüksək göstərici sayılır.

Minaatan düşmənin atəş vasitələrinin, texnikasının və canlı qüvvəsinin məhv edilməsi və susdurulması üçün nəzərdə tutulub. O, səngərlərdə, örtülü mövqelərdə və yüngül sahə tipli sığınacaqlarda gizlənmiş hədəflərə qarşı istifadə olunur. Atəşin idarə olunması əsasən nəqliyyat vasitəsinin kabinasından həyata keçirilir. Müştərinin tələbindən asılı olaraq heyətin sayı 2 nəfərdən 4 nəfərə qədər müəyyən edilə bilər. Alternativ seçim kimi atəşin birbaşa qüllədən aparılması imkanı da mövcuddur. Qüllədən tam funksional manual idarəetmə mümkündür.

Döyüş dəstindəki 100 ədəd mina daxil olmaqla, tam avadanlıqla uzaqdan idarə olunan qüllənin çəkisi təxminən 5500 kq təşkil edir. Sistem böyük qabarit ölçülərinə malikdir. Onun uzunluğu 8,2 m, eni 2,55 m, hündürlüyü 3,1 m, döyüş kütləsi isə 23,5 tondur.

Tabor səviyyəsi üçün nəzərdə tutulmuş silahın bu qədər böyük ölçü və kütləyə malik olması onun əsas çatışmazlığı hesab olunur. Təyinatına görə sistem demək olar ki, cəbhə xəttinə yaxın fəaliyyət göstərməlidir və bu səbəbdən PUA-larla aşkarlanaraq məhv edilməsi üçün saatlar deyil, on dəqiqələr kifayət edə bilər.

Back to top button