Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

Sentyabrın 13-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyənin Milli Müdafiə (MSB) naziri Hulusi Akar arasında telefon danışığı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, general-polkovnik Z.Həsənov Ermənistan tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşması barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib.

Hulusi Akar öz növbəsində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan hərbi qulluqçularının şəhid olması ilə bağlı başsağlığı verib, yaralılara şəfa diləyib.

Hulusi Akar Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu xüsusi qeyd edib.

Telefon danışıqları zamanı hər iki qardaş ölkənin müdafiə nazirləri yaranmış vəziyyətlə bağlı geniş fikir mübadiləsi aparıblar.

Poliqon.az

CATEGORIES