Azərbaycan və Türkiyənin müdafiə nazirləri görüşüb – FOTO

Azərbaycan və Türkiyənin müdafiə nazirləri görüşüb – FOTO

Oktyabrın 4-də Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılayıb.

Sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi keçirilib. Fəxri qarovulun önündən keçildikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Qonaqları salamlayan müdafiə naziri onları Azərbaycanda görməkdən məmnunluğunu bildirib, hər iki ölkə arasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın, strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

General-polkovnik Z.Həsənov Ermənistan silahlı birləşmələrinin son təxribatlarına qarşı Azərbaycan Ordusu tərəfindən görülən qətiyyətli cavab tədbirlərindən sonra yaranmış əməliyyat şəraiti, eləcə də ordu quruculuğu sahəsində görülən işlər barədə danışıb.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən H.Akar genişmiqyaslı təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçularına yaxınları və ailə üzvlərinə başsağlığı verib, yaralılara şəfa diləyib.

Milli müdafiə naziri hər iki ölkə arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Azərbaycan və Türkiyə müdafiə nazirliklərinin digər rəhbər heyətlərinin də iştirak etdikləri görüşdə hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da artırılması məqsədilə birgə hərbi təlimlərin keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Poliqon.az

CATEGORIES
TAGS