Azərbaycanda hərbçilərin vəzifələri və onlara qoyulan qadağalar müəyyənləşir

Azərbaycanda hərbçilərin vəzifələri və onlara qoyulan qadağalar müəyyənləşir

Azərbaycanda hərbi qulluqçuların ümumi və xüsusi vəzifələri müəyyənləşir.

“Poliqon” xəbər verir ki, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, hərbi qulluqçular Konstitusiyada və digər qanunvericilik aktlarında mülki şəxslər üçün nəzərdə tutulmuş vəzifələrdən əlavə, hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan ümumi və xüsusi vəzifələri yerinə yetirirlər.

Hərbi qulluqçuların aşağıdakı ümumi vəzifələri vardır:

  1. Azərbaycanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü qorumaq, habelə təhlükəsizliyini və müdafiəsini təmin etmək;
  2. Azərbaycana, Azərbaycan xalqına və hərbi anda sadiq olmaq;
  3. Konstitusiyaya, qanunlara, Azərbaycan Silahlı Qüvvələrinin hərbi nizamnamələrinə əməl etmək, komandirlərin (rəislərin) əmrlərini, sərəncamlarını və göstərişlərini qeyd-şərtsiz yerinə yetirmək;
  4. Vicdanlı, cəsur və intizamlı olmaq, dövlət sirrini qorumaq;
  5. Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq prinsiplərindən və normalarından, habelə beynəlxalq hüquq normalarından irəli gələn tələblərə riayət etmək;
  6. Hərbi qulluqçular “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunun 3-cü maddəsi ilə müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirirlər.
  7. Xüsusi vəzifələri yerinə yetirərkən hərbi qulluqçuların qanunla nəzərdə tutulmuş qaydada və hallarda fiziki qüvvə, xüsusi vasitələr, silah və döyüş texnikasını tətbiq etmək, icrası məcburi olan tələblər irəli sürmək hüququ vardır;
  8. Hərbi qulluqçuların ümumi və xüsusi vəzifələrinin yerinə yetirilməsi qaydaları Azərbaycan Silahlı Qüvvələrinin hərbi nizamnamələri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın hüquqi aktları ilə müəyyən edilir.

Qanun layihəsində, həmçinin, Azərbaycanda hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar qoyulan qadağalar və məhdudiyyətləri müəyyənləşir.

Qanun layihəsinə əsasən, hərbi qulluqçulara aşağıdakılar qadağandır:

  1. Tətil etmək;
  2. Seçkili orqanlarda vəzifə tutmaq;
  3. Siyasi partiyalara, QHT-lərə, dini qurumlara və həmkarlar ittifaqlarına üzv olmaq;
  4. Yığıncaqlarda, nümayişlərdə, küçə yürüşlərində və piketlərdə iştirak etmək;
  5. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
  6. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına mülki peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil almaq;
  7. Daimi yaşamaq üçün xaricə getmək;
  8. Siyasi və dini təbliğatla məşğul olmaq;
  9. Dövlət sirrini yaymaq.

Qanun layihəsində, eləcə də, Azərbaycanda hərbi qulluqçuların ailə üzvləri və himayəsində olan şəxslərin siyahısı müəyyənləşir.

Qanun layihəsinə əsasən, aşağıdakı şəxslər hərbi qulluqçuların ailə üzvləri heasb edilir:

  1. Arvadı (əri);
  2. Uşaqları, habelə 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;
  3. Təhsil müəssisələrində əyani təhsilalma formasında təhsilalan 23 yaşına çatmamış övladları;
  4. Valideynləri;

Hərbi qulluqçularım himayəsində olan şəxslər isə aşağıdakılardır:

  1. Arvadı (əri);
  2. Uşaqları, habelə 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;
  3. Təhsil müəssisələrində əyani təhsilalma formasında təhsilalan 23 yaşına çatmamış övladları;
  4. Valideynləri;
  5. Qanunla müəyyən edilmiş qaydada qəyyumluğunda və himayəsində olan digər şəxslər.

Poliqon.az

CATEGORIES
TAGS