Azərbaycanın müdafiə naziri özbəkistanlı həmkarı ilə görüşüb

Azərbaycanın müdafiə naziri özbəkistanlı həmkarı ilə görüşüb

Oktyabrın 19-da Özbəkistanın müdafiə naziri general-leytenant Baxodir Kurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda xalqın Ümummilli Lideri Heydər Əliyevin və Şəhidlər xiyabanında ölkənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş Azərbaycan vətəndaşlarının məzarlarını ziyarət edərək əklil və gül dəstələri qoyub.

Sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi keçirilib. Fəxri qarovulun önündən keçildikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. General-leytenant B.Kurbanov protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.

Qonaqları salamlayan müdafiə naziri general-polkovnik Zakir Həsənov onları Azərbaycanda görməkdən məmnunluğunu bildirib, ölkələrimiz arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb.

Müdafiə naziri özbəkistanlı həmkarını Ermənistan silahlı birləşmələrinin son təxribatlarına qarşı Azərbaycan Ordusu tərəfindən görülən qətiyyətli cavab tədbirlərindən sonra yaranmış əməliyyat şəraiti, eləcə də ordu quruculuğu sahəsində görülən işlər barədə məlumatlandırıb.

Ölkəyə səfərindən məmnunluğunu ifadə edən Özbəkistanın müdafiə naziri qarşıdan gələn Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. Azərbaycan ilə Özbəkistan müdafiə sahəsində əməkdaşlığın hər iki ordunun daha da güclənməsinə xidmət etdiyini xüsusi qeyd edib.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Yekunda “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı” imzalanıb.

Sonda Mərkəzi Komanda Məntəqəsinə gələn nümayəndə heyəti buranın komanda idarəetməyə dair texniki imkanları və ümumilikdə görülən işlərlə tanış olub.

 

CATEGORIES
TAGS