AnalizXəbərlər

Azərbaycanın yeni insansız quru robotları: TIGR, SIQR və KIQR – TƏHLİL

Bakıda keçirilən ADEX-2026 beynəlxalq müdafiə sərgisində Azərbaycan müdafiə sənayesi tərəfindən hazırlanmış müxtəlif hava, dəniz və quru insansız sistemləri nümayiş olunub.

“Poliqon”un məlumatına görə, sərgidə “Azərsilah” Müdafiə Sənayesi Holdinqinin tərkibinə daxil olan “AzSimX” şirkətinin təqdim etdiyi insansız quru platformaları xüsusi diqqət çəkib.

“AzSimX” ADEX-2026-da taktiki təyinatlı SIQR 01, SIQR 02, TIGR, eləcə də KIQR 01, KIQR 02 və KIQR 03 insansız quru robotlarını ilk dəfə nümayiş etdirib.

500 kq-dək yükgötürmə qabiliyyətinə malik təkərli TIGR robotu LIDAR texnologiyası, kameralar və sensorlarla təchiz olunub. Platforma əsasən döyüş meydanının təhlükəli ərazilərinə yüklərin çatdırılması, yaralıların təxliyəsi və digər tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulub. TIGR məsafədən idarə oluna, həmçinin yarı avtonom rejimdə hərəkət edə bilir.

SIQR 01 tırtıllı insansız quru robotu sərgidə iki fərqli döyüş modulu ilə təqdim edilib. Bunlardan biri Türkiyənin ASELSAN şirkətinin SARP 12.7, digəri isə Sloveniyanın “Valhalla Turrets” şirkətinin MIDGARD moduludur.

Boş kütləsi 950 kq olan SIQR 01-in yükgötürmə qabiliyyəti 600 kq-dən çoxdur. Robot maksimum 12 km/saat sürətlə hərəkət edə və ilkin konfiqurasiyada təxminən 5 saat fəaliyyət göstərə bilir. LIDAR texnologiyası, kameralar və radar sistemləri ilə təchiz olunan platformanın idarəetmə məsafəsi 1 km, peyk rabitəsindən istifadə edildikdə isə 25 km təşkil edir. SIQR 01 yaralıların təxliyəsi, yüklərin daşınması və birbaşa atəş dəstəyinin göstərilməsi kimi tapşırıqlar üçün nəzərdə tutulub.

SIQR 02 ölçülərinə, kütləsinə və yükgötürmə qabiliyyətinə görə SIQR 01-dən kiçikdir. Robotun boş kütləsi 800 kq, yükgötürmə qabiliyyəti isə 350 kq-dir. LIDAR texnologiyası, kameralar və radar sistemləri ilə təchiz edilmiş platforma birbaşa atəş dəstəyi, logistika və yaralıların təxliyəsi üçün nəzərdə tutulub. SIQR 02-yə “Azərsilah” tərəfindən hazırlanmış 7,62 mm-lik silah sistemi ilə təchiz olunan uzaqdan idarəolunan döyüş modulu quraşdırılıb. Modulun sursat tutumu 400 patron, kütləsi isə 135 kq-dir.

TIGR və SIQR platformalarından fərqli olaraq, KIQR ailəsinə daxil olan robotlar kamikadze tipli insansız quru robotlarıdır. Bununla yanaşı, onlar kəşfiyyat və müşahidə tapşırıqlarının yerinə yetirilməsi üçün də istifadə oluna bilər.

Yığcam təkərli quruluşa malik KIQR robotlarının ön hissəsində gecə-gündüz müşahidəsi üçün kameralar yerləşdirilib. KIQR 01-in maksimum yükgötürmə qabiliyyəti 90 kq, sürəti 10 km/saat, əməliyyat məsafəsi 1 km, fasiləsiz işləmə müddəti isə 1 saatdır. Həmçinin KIQR 02 və KIQR 03 modelləri də sərgidə nümayiş etdirilib.

İnsansız quru robotları ilə yanaşı, “AzSimX” şirkətinin hazırladığı “İqla” daşınan zenit-raket kompleksinin (DZRK) və modernləşdirilmiş T-72 tankının yüksək dəqiqlikli simulyatorları da ADEX-2026 sərgisində təqdim olunub.

Qeyd edək ki, dünyada baş verən son münaqişələr insansız sistemlərin əhəmiyyətini və onlara olan tələbatı daha da artırıb. Xüsusilə, Rusiya-Ukrayna müharibəsi bu sistemlərin döyüş meydanında tətbiqi, əməliyyat imkanları və gələcək inkişaf istiqamətləri baxımından mühüm təcrübə mənbəyinə çevrilib. Bu müharibə insansız platformaların yalnız kəşfiyyat və müşahidə deyil, həm də logistika, yaralıların təxliyəsi, atəş dəstəyi və digər tapşırıqların yerinə yetirilməsində rolunu bir daha ortaya qoyub. Bu tendensiya beynəlxalq müdafiə sənayesində də aydın görünür: dünyanın müxtəlif ölkələrində müdafiə sənayesi şirkətləri insansız texnologiyaların hazırlanmasına və təkmilləşdirilməsinə ciddi investisiyalar yatırırlar.

Azərbaycan müdafiə sənayesinin bu sahəyə diqqət ayırması və yerli istehsal imkanlarını inkişaf etdirməsi də qlobal tendensiyalar fonunda xüsusi əhəmiyyət daşıyır. ADEX-2026 sərgisində “AzSimX” tərəfindən təqdim olunan müxtəlif təyinatlı insansız quru robotları ölkədə bu istiqamətdə aparılan işlərin və yeni texnoloji həllərin nümayişi baxımından diqqətəlayiqdir. Xüsusilə, logistika, yaralıların təxliyəsi, atəş dəstəyi və zərbə tapşırıqları üçün nəzərdə tutulan platformaların hazırlanması insansız sistemlərin tətbiq sahələrinin genişləndirilməsinə yönələn yanaşmanı göstərir.

Qeyd: Məqalədə təqdim olunan texniki göstəricilər istehsalçı şirkətin kataloqu əsasında verilib.

Back to top button