Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin birgə təlimi keçiriləcək
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Ankarada Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçiriləcək “Eternity-2012” (Sonsuzluq-2012) təlimi ilə bağlı məlumat yayıb. Bu barədə “AzeriDefence” Baş Qərargahın saytına istinadən məlumat yayıb.
Məlumatda qeyd olunub ki, təlim 24-28 sentyabr tarixlərində Ankarada, Quru Qoşunlarının Təlim və Doktrina Komandanlığında icra ediləcək. Təlimə Türkiyədən 19 (2-si BOTAŞ şirkətinin nümayəndəsi olmaqla) heyət qatılacaq.
Qeyd edək ki, “Eternity-2012” adlanan kompüter dəstəkli təlim ildə bir dəfə keçirilir. Hər üç ölkədən hərbçilərin, boru kəmərlərinin mühafizəsinə cavabdeh güc strukturlarının, kəmərlərin idarə edilməsinə cavabdeh idarələrin nümayəndələrinin qatıldığı təlimdə kəmərlərin ehtimal olunan təhdidlər zamanı mühafizəsi planları nəzərdən keçirilir.