Azərbaycan prezidenti aviasiya təhlükəsizliyi barədə fərman imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Bu barədə AzeriDefence Prezidentin saytına istinadən məlumat verib.
Fərmanda Nazirlər Kabineti 3 ay müddətində Azərbaycanı Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini, “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini, Aviasiya Təhlükəsizliyi üzrə Respublika Komissiyasının tərkibi və onun Əsasnaməsi ilə bağlı təkliflərini hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb.
Bununla yanaşı, hökumət 3 ay müddətində aviasiya təhlükəsizliyi sahəsində personalın hazırlığı və keyfiyyətə nəzarət sahəsində milli proqramları, liter reyslərinin həyata keçirilməsi qaydasını, havada və yerdə olan hava gəmilərinin təhlükəsizliyi üzrə tədbirlərin həyata keçirilməsi qaydasını, hava gəmilərinin yoxlanılması və onlara baxış keçirilməsi qaydasını, sərnişinlərə, onların əl yükü və baqajlarına baxış keçirilməsi qaydasını, həbs edilmiş şəxslərin hava gəmisində daşınması qaydasını, hava gəmisində silahın daşınması qaydasını, aviasiya təhlükəsizliyi personalının seçilməsi qaydasını, qanunsuz müdaxilə aktları ilə bağlı təqdim edilmiş rabitə xidmətlərindən istifadə qaydalarını, eləcə də bu xidmətlərə görə haqqın ödənilməsi qaydasını və şərtlərini Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Nazirlər Kabinetinə həmçinin buraxılış və obyektdaxili rejimlərin təşkili qaydasını, aviasiya təhlükəsizliyi personalı üçün geyim formasının təsdiqi, aviasiya təhlükəsizliyi personalının xüsusi texniki vasitələrdən istifadə etməsi qaydalarının, qanunsuz müdaxilə aktları ilə bağlı hava hərəkətinin idarə edilməsi qaydalarının, partlayıcı qurğuların (maddələrin) zərərsizləşdirilməsi qaydalarının, yoxlamaların aparılmasına cəlb edilən şəxslərin anket məlumatlarının toplanması, yoxlanması və onların seçilməsi qaydasının təsdiqi tapşırılıb.