Azərbaycan Prezidentindən Ermənistana xəbərdarlıq


Ali Baş Komandan: “Azərbaycan Ordusu böyük qüvvədir və biz bu qüvvədən lazım olan halda istifadə edəcəyik”
Azərbaycan 2011-ci ildə hərbi məsələlərə 3 milyard 413 milyon dollar vəsait xərcləyib, 2012-ci ildə isə bu rəqəm 3 milyard 474 milyon dollara çatdırılacaq. ADN-in məlumatına görə, bunu hökumətin 2011-ci ilin yekunlarına həsr olunmuş iclasında Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, bu gün Azərbaycan Ordusu böyük imkanlara malikdir: “Biz bölgədə ən güclü orduya malikik. Maddi-texniki təchizat yüksək səviyyədədir. Ən müasir silahlar, texnikalar, döyüş helikopterləri, döyüş təyyarələri, raketlər, artilleriya qurğuları alınır və bizimlə hərbi sahədə əməkdaşlıq edən ölkələrin coğrafiyası da genişlənir. Eyni zamanda, Azərbaycanda istehsal olunan hərbi məhsulların sayı və çeşidi artmaqdadır. Biz 600-ə yaxın çeşiddə hərbi məhsul istehsal edirik. Yəni, bu gün Azərbaycan Ordusu böyük qüvvədir və biz bu qüvvədən lazım olan halda istifadə edə bilərik və edəcəyik”.

Prezident onu da əlavə edib ki, qarşı tərəfdə – Ermənistanda Azərbaycanın hərbi imkanları ilə əlaqədar böyük təlaş və təşviş var: “Biz bu məlumatları müxtəlif mənbələrdən alırıq və bizim imkanlarımıza cavab vermək üçün onların heç bir imkanı yoxdur. Necə ki, BMT Təhlükəsizlik Şurasına seçkilərdə onlar döyüş meydanından qaçmışlar. Çünki bilirsiniz ki, vaxtilə, yəni əvvəlki dövrdə Ermənistan da orada namizəd idi. Sonra sakitcə oradan çəkildilər. Çünki bilirdilər ki, Azərbaycanla mübarizə apara bilməyəcəklər. Eləcə də biz əsl döyüş meydanından da onların qaçmalarını dəfələrlə görmüşük. Onlara aid olmayan torpaqlardan öz xoşları ilə çıxsınlar və beləliklə, sülh bərpa oluna bilər”.

Ali Baş Komandan qeyd edib ki, Ermənistanın ümumi xərcləri 2 milyard dollar, Azərbaycanın hərbi xərcləri ondan təxminən 2 dəfə çoxdur.

“İllər keçdikcə bu fərq daha da artacaq, Azərbaycanın hərbi gücü artacaqdır. Hazırda imzalanmış kontraktların icrası nəticəsində indi demək istəmirəm, amma bizim döyüş qabiliyyətimiz əhəmiyyətli dərəcədə artacaqdır və məsələnin həlli üçün biz az itkilərlə daha da böyük uğurlar əldə edə bilərik”, – deyə Ali Baş Komandan bəyan edib.

Prezident Dağlıq Qarabağ münaqişəsinin həllinin iki – danışıqlar yolu və hərb yolu olduğunu vurğulayıb: “Bu münaqişə dondurulmuş münaqişə deyildir və olmayacaqdır. Əgər kimsə fikirləşirsə ki, danışıqlarda əsas məsələ müharibənin qarşısını almaqdır, mən bununla razı deyiləm”.

KATEQORIYA: