Azərbaycan son 10 ildə 47 təyyarə, 109 helikopter alıb
Son 10 ildə Azərbaycan hərbi aviaparkın gücləndirilməsi sahəsində mühüm addımlar atıb. Bu barədə “AzeriDefence” APA agentliyinə istinadən məlumat verib.BMT Adi Silahlar Registrində yer alan məlumatlar əsasında aparılan raşdırmanın nəticələrinə görə, 2001-2011-ci illərdə rəsmi Bakı aviasiya parkının yeni döyüş təyyarələri, helikopterlər və pilotsuz uçuş aparatları ilə gücləndirib.
Registrdə alıcı və satıcı ölkələrin təqdim etdiyi hesabatlara görə, son 10 ildə hərbi aviasiyanın inkişafı proqramları çərçivəsində Azərbaycan tərəfindən müxtəlif ölkələrdən 47 döyüş təyyarəsi və 109 helikopter alıb. Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasına 30-dan artıq pilotsuz uçuş aparatı daxil edilib.
Məlumatların təhlili zamanı bəlli olub ki, bu dövrdə Azərbaycan hərbi təyyarələri 4 ölkədən – Ukrayna, Rusiya, Belarus və Gürcüstandan, helikopterləri Rusiya və Ukraynadan, PUA-ları isə İsraildən və yerli müəssisədən əldə edib.
Qeyd olunan dövrdə Azərbaycan Gürcüstandan 13 ədəd Su-25 (12 ədəd Su-25 və 1 ədəd Su-25UB), Ukraynadan 12 ədəd L-39, 16 ədəd MiG-29 (2 ədəd MiG-29UB, 14 ədəd MiG-29), Belarusdan 6 ədəd Su-25 tipli döyüş təyyarəsi alıb. Ümumilikdə, aviaparka daxil edilmiş təyyarələrdən 19-u Su-25, 16-i MiG-29, 12-si isə L-39 Albatros tipli təyyarələr olub.
Helikopterlərə gəlincə, hesabat dövründə Ukraynadan 12 ədəd Mi-24 (1 ədəd Mi-24R), Rusiyadan 24 ədəd Mi-35M, 71 ədəd Mi-8/Mi-17V1/Mi-171, 2 ədəd Ka-32 tipli müxtəlif təyinatlı helikopterlər satın alınıb. Bu helikopterlərdən 84-nün (60 ədəd Mi-17V1 və 24 ədəd Mi-35M) alınmasına dair “Rosoboronexport” şirkəti ilə müqavilə 2010-cu ildə imzalanıb və hazırda qeyd olunan sifariş üzrə çatdırılmalar davam edir.