Azərbaycan “Terminator”ları 2020-ci ilə hazır
Hədəf 2018-2020Azərbaycanda “gələcəyin əsgəri”nin (“Future Solider”) döyüş təchizatının hazırlanması ən yaxşı halda 2018-2020-ci illərə mümkündür və hazırda bu bir perspektiv plan olaraq gündəmdədir.
Azərbaycanın “Future Solider” layihəsi ilə bağlı araşdırma aparan “AzeriDefence”nin analiz qrupunun əldə etdiyi məlumatlara görə, rəsmi Bakı bu sahədə elmi-təədqiqat işlərinə 2014-2015-ci illərdə start verməyi düşünür. Hansı ki bu dövr Silahlı Qüvvələrin texnoloji yenilənmə dövrü kimi proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycanda “gələcəyin əsgəri”nin döyüş təchizatının hazırlanacağı barədə iki gün əvvəl yayılan xəbər artıq beynəlxalq hərbi medianın diqqətinə səbəb olub. Yerli hərbi sənayenin yeni yaradılmasına baxmayaraq, xaricdən hərbi-texniki asılılığı olan Azərbaycanın belə bir böyük layihəni hansı imkanlar hesabına, nə dərəcədə milli bir layihə olaraq həyata keçirəcəyi müzakirə mövzusuna çevrilib.
Hazırkı şəraitdə belə bir elmi, təcrübi və maliyyə tutumlu proqramı başlamaq Azərbaycanın imkanları xaricindədir. Buna eyni zamanda aşağıdakı bir neçə məsələ də mane olur.
• Silahlı Qüvvələrin standart atıcı silahının olmaması;
• C4ISR sistemlərinin SQ-də tətbiqinin geniş olmaması;
• Əsgərin fərdi təchizatında (uniforma, dəbilqə, zireh) müxtəliflilik;
• Əməliyyat meydanlarında rabitəni təmin edən peykin və lokal şəbəkənin yaradılması üçün texnologiyaların inkişaf etməməsi;
• Yerüstü əməliyyatlar üçün nəzərdə tutulan texnikaların köhnə sovet standartlarına uyğun olması və modernləşmənin tam başa çatmaması.
Silahlı Qüvvələrin mütəxəssislərinin sözlərinə görə, “gələcəyin əsgəri”nin təchizatındakı bütün komponentlər bir birini tamamlamalı və uyarlıq təşkil etməlidir. Layihədə bütün bunlara kompleks yanaşıldığından sonradan hər hansı bir komponenti və ya alt komponenti dəyişdikdə bütün sistemi sıfırdan yeniləmək gərəkir.
Hazırda silahlanmada keçmiş sovet, Yuqoslaviya, Rusiya, Ukrayna, İsrail və Türkiyə istehsalı olan silahların olduğunu deyən mütəxəssislərin sözlərinə görə, yeni təchizatda böyük ehtimalla NATO standartlarına tam cavab verən silah standart götürüləcək. Bu da güman ki, Türkiyənin istehsal etdiyi və Azərbaycanın da istehsal layihəsinə qatıldığı Milli Piyada Tüfəngi olacaq. Məlumat üçün bildirək ki, Rusiya özü belə hazırladığı təchizat dəstlərinə Kalaşnikov avtomatını daxil etməyib. Bu silahın texniki çatışmazlıqları onu “gələcəyin əsgəri”nin silahı olmaqdan kənarlaşdırır.
Proqnozlara görə, Azərbaycan tərəfi 2018-ci ilədək silahla yanaşı təchizatın zireh, uniforma, gecə və gündüz görüş sistemləri, termal kamera, radiostansiya, dəbilqə, C4İSR sisteminin proqram təminatı kimi komponentlər daxil olmaqla təxminən 60%-ni özü təmin edə biləcək.
Ekspertlərin fikrincə, belə bir təchizatın yaradılması heç də asan iş deyil. Almaniya, Fransa, İtaliya və İspaniya kimi inkişaf etmiş ölkələrdə bu proqramların yaradılma və inkişaf mərhələsi 5-7 il çəkdi. Təbii ki, onlar bu müddətdə həm də “gələcəyin əsgəri” konsepsiyasını yaradıblar. Artıq konsepsiya və təcrübə mövcuddur. Sadəcə olaraq uyğun və tələbə görə modeli seçmək, mühitə uyğunlaşdırmaq və yaratmaq qalır.
Mütəxəssisin sözlərinə görə, seçim zamanı qarşıya qoyulan əsas tələb dəstin hansı əməliyyat şəraitində istifadə olunmasıdır. Yəni dünyanın ən qabaqcıl texnologiyalara əsaslanan“Future Solider” dəsti Azərbaycan mühitinə uyğun gəlməyə bilər. Məsələn, hazırda Azərbaycan üçün ən münasib dəstlər Almaniyanın “Infanterist der Zukunft” (İdZ), Fransanın FELİN, İtaliyanın “Soldato Futuro”, Serbiyanın VB-10 və İsrailin ANOG təchizatları hesab olunur. Eeyni zamanda Türkiyənin “Tək Ər” proqramı diqqətdə saxlanılır ki, Azərbaycanın bu proqramda iştirakı mümkün variiantlardandır.