Azərbaycandan 5 ildə hərbi sahəyə 12 mlrd.dollar – EKSKLÜZİV
Hədəflər daha böyükSilahlı Qüvvələrin gücləndirilməsi və maddi-texniki bazasının yeniləndirilməsi sahəsində mühüm addımlar atan Azərbaycan müdafiə sektoruna dövlət büdcəsindən yönəltdiyi vəsaitin həcminə görə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini 4 dəfəyə yaxın üstələyib. Nazirlər Kabinetindən “AzeriDefence”yə verilən eksklüziv məlumata görə, 2008-2012-ci illərdə dövlət büdcəsindən ölkənin müdafiə qüdrətinin artırılması və silahlı qüvvələrin maddi-texniki təminatının yenilənməsinə 12 mlrd. ABŞ dollarından artıq vəsait yönəldib.
Hərbi xərclərin artımında qarşıya qoyulmuş hədəflərə nail olan rəsmi Bakı Silahlı Qüvvələrin inkişafına həm dövlət büdcəsinin müdafiə xərcləri funksional bölməsi üzrə, həm də eyni həcmdə dövlət büdcəsinin investisiya xərcləri bölməsindən vəsait yönəldir.
Ötən dövrdə əsas diqqət ordunun maddi-texniki təchizatının yenilənməsi, infrastruktrun yaradılması, hərbçilərin məvaciblərinin artırılması, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə yönəldilib. Bu dövrdə silah və hərbi texnikaların satın alınmasına dair Ukrayna, Rusiya, Belarus, Türkiyə, İsrail, CAR, Serbiya, Avstriya və s., hərbi məhsulların istehsalına dair Ukrayna, Belarus, Türkiyə, CAR, Polşa, İordaniya kimi ölkələrlə müqavilələr imzalanıb.
Məlumatda qeyd olunub ki, yaxın aylarda Azərbaycan Ordusunun malik olduğu yeni texnika və silah sistemlərinin ictimaiyyətə taktik nümayişi planlaşdırılır: “Bu gün Azərbaycan Ordusunun inventarında ən müasir silah və texnikalar var. Hansı ki, postsovet məkanında həmin silah və texnikalar yalnız Azərbaycandadır”.
Bununla yanaşı, dövlət başçısının ötən ilin sonlarında imzaladığı sərəncama uyğun olaraq, may ayında, 2012-ci ilin dövlət büdcəsinə dəyişikliklərə baxılan zaman, büdcədən hərbçilərin mənzil təminatının yaxşılaşdırılması üçün əlavə olaraq vəsaitin yönləndirilməsi nəzərdə tutulur. Artıq bununla bağlı təkliflərə hökumətdə baxılır.
Qeyd edək ki, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin yekunlarına həsr olunmuş müşavirəsində deyib ki, Azərbaycan böyük həcmdə hərbi texnika, silah, sursat alır və almaqda davam edəcək. Prezident bildirib ki, bura hava hücumuna qarşı silahlar, tanklar, artilleriya qurğuları, döyüş təyyarələri, müxtəlif silahlar, döyüş aparmaq üçün lazım olan bütün müasir ləvazimatlar daxildir. Dövlət başçısının sözlərinə görə, rəsmi Bakı hər bir yerdə olduğu kimi, bu sahədə də şaxələndirilmiş siyasət aparır. Bir istehsalçıdan asılı deyil. Bu sahədə Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin də sayı artır.