Azərbaycanın aşağı orbitli peykinin hazırlanması üçün tender mərhələsi yekunlaşır
Azərbaycan aşağı orbitli peykin hazırlanması və orbitə çıxarılması üzrə elan edilmiş tenderi yekunlaşdırmaq üzrədir. “AzeriDefence”nin məlumatına görə, bunu jurnalistlərə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib.
Nisbətən aşağı orbitdə yerləşdiriləcək bu peyklər əsasən məsafədən zondlama işlərini (optik çəkilişlər, hərbi və təhlükəsizlik məqsədli əməliyyatlar və s.) yerinə yetirəcək.
Baş nazirin müavini Abid Şərifov isə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılacağı vaxt barədə məlumat verib. Hökumət rəsmisinin sözlərinə görə, “Azerspace-1” peyki orbitə 2013-cü il fevral ayının birinci ongünlüyündə çıxarılacaq.
Yayılan bəzi məlumatlara görə, aşağı orbitli peykin hazırlanması və orbitə buraxılması sahəsində Azərbaycan və İsrail arasında bəzi anlaşmalar mövcuddur. Hansı ki bu barədə bir neçə il əvvəl İsrail prezidentinini Azərbaycana səfəri çərçivəsində müzakirələr aparılıb.
Hazırda Azərbaycan tərəfi bəzi məsələlərin icrasında İsrailin TecSAR peykini icarəyə götürərək, ehtiyaclara uyğun istifadə edir