AzTU-da TEKNOFEST-2023 ilə bağlı infosessiya keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) “Bilim Bakı” mərkəzinin rəhbəri Yusuf Polatın iştirakı ilə TEKNOFEST-2023 festivalı ilə bağlı infosessiya keçirilib.
AzTU-nun mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, AzTU-nun tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli universitetin tələbələrinin “TEKNOFEST”də iştiraka xüsusi önəm verdiyini deyib.
Bu ilin mayında ölkədə keçirilən “TEKNOFEST Azərbaycan” festivalına universitetin 20 komandasının qatıldığını deyən prorektor onlardan 6-nın finala yüksəldiyini və 2-nin qalib olduğunu bildirib. Nurəli Yusifbəyli AzTU tələbələrini növbəti “TEKNOFEST” festivallarında da həvəslə iştirak etməyə dəvət edib.
Daha sonra “Bilim Bakı” mərkəzinin rəhbəri Yusuf Polat çıxış edib. O, tələbələrə TEKNOFEST-2023 haqqında ətraflı məlumat verib, həmçinin gəncləri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, bu il Türkiyənin İstanbul, İzmir və Ankara şəhərlərində keçiriləcək TEKNOFEST-2023 festivalına qeydiyyat noyabrın 20-də yekunlaşacaq.




