
“BAE Systems” şirkəti İsveç və Finlandiyaya proqramlaşdırıla bilən mərmilər tədarük edəcək
Böyük Britaniyanın “BAE Systems” şirkəti İsveç Müdafiə Avadanlıqları İdarəsindən (FMV) və Finlandiya Müdafiə Qüvvələrinin Logistika Komandanlığından (FDF LOG COM) proqramlaşdırıla bilən mərmi sifarişləri alıb.
“Poliqon” “BAE Systems”ə istinadən xəbər verir ki, birgə sifariş çərçivəsində “Bofors” istehsalı olan 40 və 57 mm-lik 3P (Pre-fragmented, Programmable, Proximity- fused) sursatlarının tədarükü üçün təxminən 171 milyon ABŞ dolları dəyərində iki müqavilə imzalanıb.
İsveç Silahlı Qüvvələri həm 40 mm-lik, həm də 57 mm-lik sursatlar, Finlandiya Hərbi Dəniz Qüvvələri isə yalnız 57 mm-lik sursatlar alacaq.
Müasir texnologiyaya malik 3P sursatı çevik və çoxməqsədli döyüş vasitəsidir. O, PUA-lar, raketlər, helikopterlər, sürü halında hücum edən katerlər, suüstü gəmilər və yerüstü hədəflər kimi müxtəlif təhdidlərin məhv edilməsi üçün nəzərdə tutulub.
Sursat əsasən İsveç Silahlı Qüvvələrində “Stridsfordon 90” piyadaların döyüş maşını və dəniz artilleriya sistemləri tərəfindən istifadə ediləcək. Bundan əlavə, 40 mm-lik zenit toplar ilə təchiz olunmuş mövcud və gələcək hava hücumundan müdafiə bölmələri də bu sursatdan geniş spektrli hava təhdidlərinə qarşı istifadə edə biləcək.


