Bakının işğaldan azad edilməsindən 105 il ötür

Bakının işğaldan azad edilməsindən 105 il ötür

Bu gün Bakının daşnak-bolşevik işğalından azad edilməsindən 105 il ötür.

“Poliqon” xəbər verir ki, 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri birlikdə Bakını bolşevik-daşnak işğalından azad edib.

Bununlada, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyub.

Buna qədər, bolşevik-daşnak silahlı birləşmələri Azərbaycanın nəzarətdə saxladıqları bölgələrində yerli əhaliyə qarşı soyqırım törədib, insanları kütləvi şəkildə qətlə yetiriblər. İyun ayından bolşeviklərin silahlı dəstələri Azərbaycanın qərb rayonlarını öz təsirləri altına almaq üçün genişmiqyaslı əməliyyatlara başlayıb. Bunun qarşısını almaq üçün Osmanlı ilə AXC arasında imzalanan müqaviləyə əsasən, Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə göndərilib.

Qafqaz İslam Ordusu və Azərbaycanın yeni təşkil olunan Milli Ordu birləşmələri Göyçay yaxınlığında bolşevik-daşnak birləşmələrini məğlub edərək Bakıya doğru irəliləyib. Bakıya doğru bir neçə istiqamətdə hərəkət edən ordu birləşmələri Şamaxı, Kürdəmir və digər yaşayış məntəqələrini işğaldan azad ediblər.

Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad edib və bir gün sonra Qafqaz İslam Ordusu ilə Azərbaycan qoşunlarının rəsmi paradı baş tutub. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürülüb.

CATEGORIES