
“Bayraktar KIZILELMA” pilotsuz döyüş təyyarəsi (PDT) TEBER-82 tuşlama dəsti və TOLUN-P bombası ilə atış sınağı həyata keçirib.
“Poliqon” “Baykar” şirkətinə istinadən xəbər verir ki, sınaq zamanı hədəflər tam dəqiqliklə vurulub.
TEBER tuşlama dəsti “Roketsan” şirkəti tərəfindən Mk-81 və Mk-82 aviasiya bombalarının vurma dəqiqliyini artırmaq məqsədi ilə hazırlanıb. TEBER, sadə aviasiya bombasının inersial və GPS idarəetmə sistemi, həmçinin yarıaktiv lazer tuşlama başlıqları (LTB) tətbiq etməklə, idarə olunan “ağıllı” sursat halına gətirilməsidir. Bombanın uc hissəsinə quraşdırıla bilən yarıaktiv LTB və silah sisteminə hərəkətli hədəflərə qarşı dəqiq zərbə qabiliyyəti verən TEBER, LTB hissəsinə yaxınlıq sensoru əlavə etmək seçiminə də malikdir.
2024-cü ildə “Roketsan” şirkəti TEBER tuşlama dəstinin dizaynında dəyişiklik edib. Dəyişiklik çərçivəsində TEBER tuşlama dəstinin dizaynına qanadlar əlavə olunub. Beləliklə, əvvəllər quyruq hissəsindəki qanadlardan, bombanı əhatə edən “köynək”dən və uc hissəsindəki lazer tuşlama başlığından (LTB) ibarət olan TEBER-in gövdəsində artıq qanadlar da yer almaqdadır. Bu qanadlar pilotsuz uçuş aparatları (PUA) tərəfindən TEBER-in istifadəsini asanlaşdırır.
ASELSAN şirkətinin istehsal etdiyi TOLUN-P, ANS/KKS tuşlama sisteminə malik 250 funtluq ağıllı aviasiya bombasıdır. SADAK 4T asqı sistemilə daşınan TOLUN-P, pilotsuz uçuş aparatları (PUA), pilotlu və pilotsuz döyüş təyyarələrinin istifadəsi üçün nəzərdə tutulub. O, nüfuzedici döyüş başlığı və xüsusi hazırlanmış dəlici burun hissəsi sayəsində 1 metr qalınlığında dəmir-betonu dələrək beton bunkerlər, sığınacaqlar və zirehli hədəfləri məhv edə bilir. Onun sərt hədəflərə qarşı yüksək təsiri kokpitdən proqramlaşdırılan, vaxt tənzimləməli elektron alışdırıcısı ilə təmin edilir.
Müasir texnologiyalar əsasında hazırlanan TOLUN P, yüksək dəqiqliklə hədəfi vurur və ətraf mühitə dəyən ziyanı minimuma endirir. Bu xüsusiyyətləri sayəsində o, mülki yaşayış məntəqələrində yerləşən strateji hədəflər də daxil olmaqla müxtəlif əməliyyatlarda etibarlı və effektiv istifadə oluna bilir.




