BAZE – Ermənistanın yeni PUA-sı – FOTOLENT
Ermənistanın yeni pilotsuz uçuş aparatı – “Baze”nin bəzi göstəriciləri açıqlanıb. “AzeriDefence.com” saytının məlumatına görə, bəzi hərbi forumlarda artıq yeni PUA-nın fotoları və texniki parametrləri barədə məlumatlar yer alıb.Ermənistanın Aviasiya İnstitutu tərəfindən İsrailin “Skylark” tipli PUA-sına bənzər dizayn edilmiş “Baze”nin proqram təminatının da erməni mühəndislər tərəfindən hazırlandığı bildirilir. “Baze”nin qanadının uzunluğu 2800 mm, aparatın gövdəsinin uzunluğu 1600 mm, hündürlüyü 346 mm, çəkisi isə 5.5 kiloqramdır (İsrail analoqu ile eyni). PUA-nın faydalı yükü 1-1.5 kq göstərilir. Kamera “Skylark”da olduğu kimi aparatın burun hissəsinə yerləşdirilib. Mühərrik və hərəkətə gətirici pərlər isə gövdənin arxa hissəsindədir.
Çəkisinin kifayət qədər kiçik olmasına baxmayaraq ermənilər PUA-nın sürətini 60 km/saat, kreyser sürətini 80 km/saat, maksimal sürətini isə 100 km/saat kimi təqdim edirlər. Havada 60 dəqiqə qala bilən PUA-nın hərəkət radiusu 30 km-dir.
“Baze”nin maksimal tavanı 3 min metr göstərilsə də praktik olaraq PUA 2 min metr yüksəkliyə qədər qalxır.
Qeyd edək ki, “Baze” ilk dəfə bu ilin may ayında Xankəndində keçirilmiş hərbi paradda, ikinci dəfə isə sentyabr ayında Ermənistanda KTMT-nin təlimi zamanı nümayiş etdirilib.