BƏƏ IDEX-2025 sərgisində BARQ YARS və LAHAB ÖAQ-ını təqdim edib

BƏƏ IDEX-2025 sərgisində BARQ YARS və LAHAB ÖAQ-ını təqdim edib

BƏƏ IDEX 2025 sərgisində öz inkişafı olan BARQ YARS-ni və LAHAB ÖAQ-nu təqdim edib

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) “Calidus” şirkəti Əbu-Dabi şəhərində keçirilən IDEX 2025 beynəlxalq müdafiə sərgisində özünün ilk BARQ yüksək mobillikli yaylım atəşli reaktiv sistemini (YARS – High Mobility Multiple Rocket Launcher – HIMRL) və LAHAB özüyeriyən artilleriya qurğusunu (ÖAQ) təqdim edib.

“Poliqon” xəbər verir ki, BARQ sistem onun yaradıcılarının ABŞ istehsalı M142 HIMARS sistemindən ilhamlandığını göstərən bir sıra xüsusiyyətlərə malikdir. Paket doldurma sistemi açıq şəkildə ABŞ sisteminə bənzədiyindən, buna görə hətta buraxma qurğusu da M142-yə bənzəyir.

Sistemin hətta ingiliscə HIMRL (High Mobility Multiple Rocket Launcher) adı HIMARS (High Mobility Artillery Rocket System) adı ilə birmənalı assosasiya yaradır.

BARQ, müasir artilleriya müharibəsində inqilab etmək üçün nəzərdə tutulmuş və BƏƏ-də hazırlanmış ilk YARS-dir. 122, 220 və 300 mm çaplı reaktiv mərmilər və süzən sursatlar üçün nəzərdə tutulmuş qurğu saatda 125 kilometr sürətlə hərəkət edə bilən 4×4 təkərli hərbi yük avtomobilinin şassisinə quraşdırılıb (çox güman ki, “Wahash” şassisidir). Maksimal atəş məsafəsi istifadə olunan mərminin növündən asılıdır və 70 kilometr təşkil edir. 122 mm və 220 mm-lik reaktiv mərmilər qısa və orta mənzilli atəş üçün nəzərdə tutulub, 300 mm-lik reaktiv mərmilər isə 70 km-ə qədər məsafədə dəqiq zərbələr endirməyə imkan verir.

Bunlardan başqa, BARQ YARS döyüş qabiliyyətini genişləndirən, real vaxt rejimində hərəkət edən hədəfləri izləməyə, yüksək qiymətli və hərəkət edən hədəfləri dəqiqliklə nişan almağa imkan verən süzən sursatlardan istifadə edə bilər.

Bu ikili qabiliyyətli konstruksiya taktiki effektivliyi əhəmiyyətli dərəcədə artırır, ayrıca artilleriya və dron zərbə platformalarına ehtiyacı azaldır.

BARQ özündə müasir silahlı qüvvələr üçün yüksək çevik və ölümcül atəş dəstəyi təklif edərək yüksək sürətli manevr qabiliyyətini, çox çaplı reaktiv mərmi imkanlarını və süzən döyüş sursatlarının inteqrasiyasını birləşdirir. Bu sistemin çox çaplı reaktiv mərmi buraxma qurğusunun hərəkətliliyi onun döyüş meydanındakı tələblərə sürətlə cavab verməsini təmin edir. 375 at gücünə malik mühərriklə təchiz edilmiş döyüş maşını, 700 km gediş ehtiyatı ilə 125 km/saat maksimal sürətə çatır və bu, uzun müddət işləməyə davam etməyə imkan verir.

Onun avtomatik altı pilləli sürətlər qutusu, 4×4 ötürücü sistemi və 400 mm klirensi onu səhralar, dağlar və şəhər mühitləri də daxil olmaqla çətin relyeflərdə müstəsna qabiliyyətlə təmin edir. Sürətli yerləşdirmə üçün nəzərdə tutulmuş sistem həm də C-130 və daha böyük təyyarələr vasitəsilə havada daşınır və strateji mobilliyə imkan verir.

BARQ YARS əlavə logistika və ya mürəkkəb dəstək sistemləri tələb etmədən ərazinin məhv edilməsindən dəqiq tuşlamaya problemsiz keçidi təmin edir. O, həmçinin, kontr-batareya atəşinə məruz qalmanı minimuma endirərək, sürətli tuşlama və yenidən mövqelənmə üçün nəzərdə tutulub. Döyüş maşınl, cəmi üç dəqiqə ərzində yürüş vəziyyətindən döyüş vəziyyətinə keçə bilir və buraxılışdan (atəşdən) sonra bir dəqiqə ərzində yeni yerdə mövqelənə bilir ki, bu da döyüş meydanında sağ qalmağı təmin edir.

Çox çaplı atəş gücünü müasir sursat texnologiyası ilə birləşdirərək, “Calidus” şirkəti ənənəvi reaktiv artilleriya ilə müasir dəqiq zərbə imkanları arasındakı boşluğu aradan qaldıran yeni nəsil artilleriya sistemi yaratmışdır. Bu, BARQ YARS-ni müasir döyüş meydanı üçün yüksək mobil, uyğunlaşa bilən və texnoloji cəhətdən təkmil reaktiv artilleriya sistemi axtaran silahlı qüvvələr üçün cəlbedici seçimə çevirir.

Həmçinin IDEX 2025 sərgisi zamanı “Calidus” şirkəti özünün dizaynı olan LAHAB adlı ilk ÖAQ-nı təqdim edib.

ÖAQ, istifadə olunan döyüş sursatının növündən asılı olaraq, 56 kilometrə qədər məsafədə hədəfləri vura bilən 52 çap lülə uzunluqlu 155 mm çaplı haubitsa ilə təchiz edilib. Qurğu dəqiqədə səkkiz atəşə qədər tezliklə atəş açmağa imkan verən avtomatik doldurucuya malikdir. Doldurucu 28 atəş yığımı tutur, daha 22 atəş yığımı isə ehtiyatdadır.

Sistem eyni zamanda bir neçə mərmi atmağa imkan vermək üçün də nəzərdə tutulub (MRSI).

LAHAB ÖAQ-ın əsas elementi bir dəqiqədən az tənzimləmə vaxtı ilə hərəkətdən atışa sürətlə keçmək bacarığıdır.

ÖAQ tamamilə BƏƏ-də hazırlanmış Wahash ailəsinin təkərli şassisinə quraşdırılıb. “Calidus” şirkətinin nümayəndəsinin sözlərinə görə, qurğunun döyüş hissəsinin layihələndirilməsi adı açıqlanmayan xarici tərəfdaşın dəstəyi ilə həyata keçirilib.

Qeyd edək ki, “Calidus” 2015-ci ildə qurulan və Əbu Dabidə yerləşən müdafiə şirkətidir. O, hərbi texnikanın inkişafı və istehsalı ilə məşğuldur. Şirkətin əsas layihələri arasında “Wahash” zirehli texnika ailəsi və Braziliyanın “Novaer” şirkəti ilə birgə hazırlanmış B-250 yüngül hücum təyyarəsi var.

Əhəd Vahidoğlu

CATEGORIES