BƏƏ Türkiyədən çoxlu sayda “Bayraktar TB2” PUA almağı planlaşdırır

BƏƏ Türkiyədən çoxlu sayda “Bayraktar TB2” PUA almağı planlaşdırır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyədən 120 ədəd “Bayraktar TB2” zərbə pilotsuz uçuş aparatı (PUA) almağı və zavod tikməyi planlaşdırır.

“Poliqon” “Middle East Eye” istinadən xəbər verir ki, “Tawazun” müdafiə agentliyi tərəfindən təmsil olunan BƏƏ səlahiyyətliləri “Bayraktar TB2” zərbə PUA komplekslərinin böyük bir partiyasının alınması barədə “Baykar Makina” şirkəti ilə danışıqlar aparır.

“Bayraktar TB2” PUA-nın alışı barədə danışıqlar mart ayında Rusiya Silahlı Qüvvələri kimi yüksək texnologiyalı radioelektron mübarizə texnikasına (REM) və güclü hava hücumundan müdafiə (HHM) silahlarına malik güclü ordulara qarşı belə son dərəcə təsirli olduğu aydınlaşdıqdan sonra başlayıb.

Bildirilir ki, ərəblər 120 ədəd PUA alınmasında maraqlıdırlar və müqavilənin məbləği 2 milyard ABŞ dollarına çata bilər.

Məlumata görə, “Baykar Makina” PUA-ların hər dəsti üçün 5 milyon ABŞ dolları və hər biri üçün 100 ədəd MAM-L ağıllı sursat təklif edir. Beləliklə, hər “Bayraktar TB2” PUA-nın döyüş sursatı ilə birkikdə müqavilə dəyəri 15 milyon ABŞ dollarına çatacaq.

Müqavilə həmçinin 6 ədəd PUA-ya bir stansiya olmaqla yerüstü idarəetmə stansiyalarının alınmasını da nəzərdə tutur. Heyətlərin hazırlığı müqavilənin qiymətinə daxildir.

Razılaşma əldə olunarsa, PUA-ların bəzi komponentlərinin BƏƏ-də tikiləcək “Baykar Makina” zavodunda istehsal olunacağı gözlənilir.

Qeyd olunur ki, iyulun 25-də Türkiyənin hakim partiyasının qurultayında ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ və Rusiyanın “Baykar Makina” məhsullarına marağı olduğunu açıqlayıb.

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
Bu xəbəri paylaş