Bəhruz Hidayətzadə: ADEX-2022 ordumuzun qələbəsində müstəsna rol oynayan müasir silahların əhəmiyyətini göstərəcək
Sentyabr ayının 6-dan 8-dək Bakı şəhəri dördüncü dəfə beynəlxalq müdafiə sərgisinə ev sahibliyi edəcək. Artıq “ADEX-2022” sərgisinə hazırlıq işləri yekunlaşmaq üzrədir. Rəsmi media tərəfdaşı olaraq, sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətinin direktoru Bəhruz Hidayətzadə ilə müsahibəmizdə “ADEX-2022” sərgisinin hazırlıq işlərinə, sərginin formatındakı yeniliklərə nəzər salmağa çalışdıq.
– Bəhruz bəy, “ADEX-2022” sərgisinin başlanmasına sayılı günlər qalıb. Sərgiyə hazırlıq prosesi necə gedir?
– Sərgiyə intensiv şəkildə hazırlıq gedir. Artıq “ADEX-2022” sərgisinin iştirakçıları öz stendlərini hazırlayır. Xüsusilə qeyd etmək istəyirəm ki, bu il “ADEX” sərgisinə əvvəlki illərdə keçirilmiş sərgilərdən daha çox maraq müşahidə edirik. Azərbaycanın ikinci Qarabağ müharibəsində qazandığı şanlı zəfərdən sonra ilk dəfə keçiriləcək “ADEX” sərgisi müzəffər ordumuzun bu qələbəsində müstəsna rol oynayan müasir silahların əhəmiyyətini, ölkəmizin hərbi sənaye kompleksinin qüdrətini vurğulamaq üçün xüsusi önəm kəsb edir. Sərginin təşkilində yer aldığımız üçün qurur duyuruq.
– ADEX sərgisi hansı istiqamətləri əhatə edir, sərgidə əsas diqqəti cəlb edən yeniliklər hansılar olacaq?
– ADEX sərgisi hərbi sənayenin bütün sahələrini əhatə edir. Burada zirehli döyüş maşınları, aviasiya vasitələri, radioelektron mübarizə sistemləri, pilotsuz sistemlər, habelə silah, sursat, hərbi geyimlər və s. nümayiş etdiriləcək. Hava hücumdan müdafiə sistemləri ilə bağlı yeniliklər olacaq. Eyni zamanda atıcı silahlarla bağlı da çox maraqlı nümunələr təqdim olunacaq. Bu gün Azərbaycan üçün çox aktual olan ərazilərin minalardan təmizlənməsi üçün sistemlər, habelə pilotsuz uçuş aparatları (PUA) sahəsində də yeniliklər nəzərdə tutulub.
Sərgidə nümayiş olunacaq yeni məhsullar arasında Azərbaycanın “Improtex Industries” şirkəti tərəfindən “Revival P1” piyada əleyhinə mina təmizləyən texnika, “Revival T1” tank əleyhinə mina təmizləyən maşın, “Revival S1” mina aşkar edən robot, zirehləndirilmiş ağır texnika təqdim olunacaq. Habelə, İsrailin “Aeronautics Group” şirkəti UHP tipli yeni pilotsuz uçuş aparatını, “Rafael Advanced Defence Systems” şirkəti 6-cı nəsil “Spike NLOS” raketlərini təqdim edəcək.
Türkiyənin CANİK şirkəti özünün davamlı və aşağı dispersiyaya malik ağır pulemyotunu, habelə tapança hissələri və aksesuarlarını, taktiki geyimlərni nümayiş etdirəcək…
– ADEX-2022 sərgisi çərçivəsində keçiriləcək seminar və təqdimatlar əsasən hansı mövzuları əhatə edəcək?
– Geniş işgüzar proqram hazırlanıb. Sərgilərin keçiriləcəyi üç gün ərzində 4-cü Azərbaycan Beynəlxalq Müdafiə və Təhlükəsizlik Konfransı çərçivəsində bir sıra tematik sessiyalar, o cümlədən pilotsuz sistemlər, zirehli döyüş nəqliyyat vasitələri, hərbi tibb sahəsində innovasiyalar, atıcı silahlar mövzularında çıxışlar və müzakirələr aparılacaqdır.
Eyni zamanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi mövzusunda panel müzakirəsi baş tutacaq. Panel müzakirəsi, həm bu sahədəki əsas müvafiq qurumların, həm də müasir texnologiyalar təklif edən müəssisələrin iştirakı ilə keçiriləcək. Əlavə olaraq, sərgidə Hərbi orkestrin çıxışları, hərbi mövzularda VR oyunları və digər tədbirlər təşkil ediləcək.
Tədbir çərçivəsində “Vision-2022 Azərbaycan Müdafiə sənayesi kompleksinin gələcəyi” adlı layihənin keçirilməsi də nəzərdə tutulur. Layihənin məqsədi gənc ixtiraçıların və müdafiə texnologiyaları istiqamətində çalışan startapçıların öz layihələrini və nailiyyətlərini təqdim etməsi, gənclərlə ölkənin müdafiə sənayesi nazirliyinin istehsalat müəssisələri, eləcə də bu istiqamətdə fəaliyyət göstərən digər müəssisələrlə tətbiqi və effektiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsidir. Layihə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi və Təhsil Nazirliyinin müəssisələri və layihələrinin iştirakı ilə baş tutacaqdır.
Sərgi iştirakçıları ilə beynəlxalq heyətlərin, həmçinin Azərbaycanın müvafiq qurumlarının nümayəndələri arasında ikitərəfli görüşlər keçiriləcək.
– Bəhruz bəy, bir qədər də sərginin iştirak coğrafiyasından danışardıq. Sərgiyə neçə yerli və xarici firma qatılır, hansı ölkələr milli pavilyonlarla təmsil olunacaq?
– 32 ölkədən 208 şirkəti bir araya gətirəcək “ADEX” Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq sahəsini əhatə edəcək. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri olacaq. İlk dəfə İordaniyadan olan şirkətlərin də qatılacağı builki sərgidə Türkiyə, Pakistan, İsrail, Belarus, Rusiya, İran, Qazaxıstan kimi ölkələr milli stendləri ilə iştirak edəcəklər.
– ADEX-2022 sərgisində iştirak edəcək yerli təşkilat və müəssislərin sayında artım varmı?
– Bundan əvvəl, “ADEX” sərgisində ənənvi formada ölkə adına Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin istehsalat müəssisələri daha çox təmsil olunurdu. Amma bu il Azərbaycan adına bir neçə yeni şirkətin iştirakını görürük. Bunlar arasında “Azərkosmos”, “A2Z technologies”, “İmportex Industries” ilk dəfə “ADEX” sərgisində iştirak edəcək olan yerli şirkətlərdir. Daha bir neçə yeni Azərbaycan şirkəti sərgidə iştirak edəcək.
– Sərgi pavilyonu nə qədər sahəni əhatə edir, sərginin açıq ekspozisiyasında hansı texnikaların nümayişi nəzərdə tutulur?
– Hərbi maşınlar, pilotsuz uçuş aparatları, hava hücumuna qarşı sistemlər və s. sərginin açıq sahəsində təqdim olunacaq.
– ADEX sərgisinin qeydiyyat prosesində yeniliklər müşahidə elədik. Ziyarətçilərin sərgiyə qeydiyyatı ilə bağlı nələri söyləyə bilərsiniz, sərgiyə neçə ölkədən nümayəndə heyətlərinin gələcəyi gözlənilir?
– Ziyarətçilərin sərgiyə qeydiyyatı davam edir. Sərgini ziyarət etmək istəyənlər rəsmi saytımızda qeydiyyatdan keçə bilərlər. O ki, qaldı heyətlərlə bağlı, onu deyə bilərəm ki, bu il də bir çox xarici ölkədən nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur və gözlənilir. Hal-hazırda Türkiyə, Gürcüstan, İsrail, İordaniya, Rusiya və digər ölkələrdən heyətlərin gəlməsi ilə bağlı təsdiqləri almışıq.
– “Caspian Event Organisers” (CEO) şirkəti Azərbaycanda keçirilən bir sıra beynəlxalq sərgi və konqreslərin təşkilatçısıdır. Digər sərgilərdən fərqli olan ADEX Beynəlxalq Müdafiə Sərgisinin təşkili zamanı bir təşkilatçı kimi eksponentlərlə iş zamanı hansı çətiliklərlə qarşılaşırsınız?
– Təşkilatçı olaraq deyə bilərik ki bütün sərgilərimiz bir birindən fərqli sahələri əhatə edir, mühüm çətinliklərlə qarşılaşmırıq, sərgiyə intensiv şəkildə hazırlıq gedir.
Onu da qeyd etmək istəyirəm ki, hər bir sərginin təşkilatçılıqla bağlı özünə xas olan xüsusiyyətləri var. Əlbətdə, ADEX sərgisinin hərbi texnika, xüsusi silahlar olması ilə bağlı sözsüz özünəməxsus spesifikası var. Məsələn, silahların öncədən təhlükəsizliyini yoxlamaq kimi bir proses var. Bu incə məqamdır və ADEX sərgisinin xüsusiyyətlərindən biridir. Ümumiyyətlə ADEX sərgisi özü-özlüyündə çox rəngarəng və böyük stendlərlə seçilən sərgidir. O baxımdan sərginin hazırlıq mərhələsində, oradakı stendlərin qurulması, digər sərgilərə nisbətən daha aktiv davam edir.
– ADEX-in ictimaiyyətlə əlaqələri və beynəlxalq marketinqi necə aparılır, hansı media qurumları ilə əməkdaşlıq edirsiniz?
– Sərgi həm yerli həm xarici media qurumları tərəfindən dəstəklənir. Belçika, Sinqapur, Rusiya, Türkiyə, Almaniya və Belarusdan media qurumları ilə əməkdaşlıq edirik.
Bəhruz bəy, müsahibəyə görə, sizə təşəkkürümüzü bildirir və ADEX-2022 sərgisinə böyük uğurlar arzulayırıq.
Zaur Babaşov