
Türkiyə Somaliyə T129 ATAK helikopterləri təhvil verib
Türkiyə “Əş-Şəbab” silahlı qruplaşmasına qarşı mübarizədə Somaliyə hərbi dəstəyini artırıb.
“Poliqon” “Middle East Eye” (MEE) nəşrinə istinadən xəbər verir ki, bu, ötən həftənin şənbə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Somali Prezidenti Həsən Şeyx Mahmud arasında baş tutan telefon danışığından sonra gerçəkləşib.
Məsələ ilə bağlı mənbələrin MEE nəşrinə verdiyi məlumata görə, Türkiyə bu həftə Somaliyə üç ədəd T129 ATAK hücum helikopteri təhvil verib.
Eyni zamanda, rəsmi Ankara Somaliyə iki ədəd çoxməqsədli helikopter də tədarük edib. Bu, 2024-cü ilin fevralında iki ölkə arasında imzalanmış müdafiə sazişi çərçivəsində həyata keçirilib.
Türkiyə son bir il ərzində Somali pilotlarına ATAK helikopterlərini idarə etmək üçün təlim keçib. Helikopterlər pilotlar təlimi başa vurduqdan sonra bu ölkəyə təhvil verilib.
Açıq mənbələrin məlumatlarına əsasən, son bir həftə ərzində Somalinin paytaxtı Moqadişo şəhərinə təxminən altı ədəd Türkiyənin A400M və Qətərin C-17A hərbi nəqliyyat təyyarəsi enib. Bu təyyarələrin helikopterləri daşıdığı ehtimal olunur.