
Belarus hərbi paradda yeni YARS-larını nümayiş etdirəcək
Belarus Dövlət Hərbi-Sənaye Komitəsi mayın 9-da faşizm üzərində qələbənin 75-ci ildönümü münasibəti ilə Minskdə keçiriləcək hərbi paradda ilk dəfə “Fleyta” adlı yaylım atəşli reaktiv sistemini (YARS) nümayiş etdirəcək.
Bu barədə “AzeriDefence” Belarus Dövlət Hərbi-Sənaye Komitəsinə istinadən məlumat verib.
Belarusun “Aqat İdarəetmə Sistemləri” şirkəti tərəfindən hazırlanan “Fleyta” YARS S-8 tipli 80 mm çaplı idarəolunmayan aviasiya raketlərdən istifadə edir. YARS 4×4 təkər formullu zirehli “Asilak” SHTS avtomobilinin şassisində qurulub.
Sistemin komanda-idarəetmə məntəqəsi isə “Asilak” APC-6 zirehli avtomobilinin üzərində yerləşir. Zirehli maşının kütləsi 6970 kq, heyəti 2 nəfər, effektiv atış uzaqlığı 1000 metrdən 3000 metrədəkdir. “Fleyta” YARS “Alyans” avtomatlaşdırılmış idarəetmə sistemi, həmçinin bort naviqasiya kompleksi ilə təchiz olunub. “Fleyta” YARS poliqon sınaqları mərhələsindədir. Sınaqların 2020-ci ildə yekunlaşdırılması gözlənilir.
Hərbi paradda həmçinin yeni yaradılan “Vistl” adlı məsafədən idarə olunan robot sistem nümayiş etdiriliəcək. “Vistl” robot sistemi 57 mm çaplı müxtəlif modifikasiyalı S-5 tipli raketlər ilə təchiz edilir.
Süni intellekt qabiliyyətinə sahib olan “Vistl” elektro-optik termal kamera ilə komlektləşdirilib. Robot sistemi hədəfləri 3500 metrədək məsafədə aşkar etməyə qadirdir. Döyüş robotu elektron döyüşlərə qarşı patentləşdirilmiş bir texnologiya sahibdir. Robot sisteminin batareyasının istifadə müddəti 24 saatdır.