Belarus Mi-35M döyüş helikopterlərinin daha bir partiyasını təhvil alıb
Rusiya istehsalı olan Mi-35M döyüş helikopterlərinin 4 ədədlik növbəti partiyası Belarusun Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarına təhvil verilib.
“Poliqon” Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, helikopterlər Rusiya Silahlı Qüvvələrinin təlim mərkəzində təlim keçmiş Belarus pilotları tərəfindən idarə olunub.
Qeyd edək ki, Mi-35M helikoperlərinin ilk partiyası 2023-cü ilin avqust ayında Belarusa çatdırılıb.
Mi-35M helikopteri xarici görünüşünə görə Mi-24 helikopterinə bənzəyir, lakin təchiz edildiyi qabaqcıl elektronika və müasir qurğularla ondan əsaslı şəkildə fərqlənir. Mi-35M daha geniş silah nomenklaturasına və istənilən şəraitdə döyüş tapşırığını yerinə yetirmək bacarığına sahibidir.