
Belarus Dövlət Hərbi-Sənaye Komitəsi “Osa” zenit-raket kompleksi (ZRK) üçün yeni nəqliyyat-doldurma maşınını təqdim edib.
Bu barədə “Poliqon” Belarus Dövlət Hərbi-Sənaye Komitəsinə istinadən xəbər verib.
Bildirilib ki, Belarusun “2566 Radioelektron Silahların Təmiri Zavodu”nun mütəxəssisləri “Osa” zenit-raket kompleksinin təkmilləşdirilməsi çərçivəsində 9T217 nəqliyyat-doldurma maşınını əsaslı şəkildə modernləşdirərək 9T217-1B səviyyəsinə çatdırıblar.
Modernləşdirilmiş 9T217-1B aşağıdakı vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulub:
- 9M33M2(M3) zenit idarəolunan raketlərinin döyüş maşınına yüklənməsi;
- raketlərin bütün növ yollar və yolsuzluq şəraitində daşınması;
- döyüş sursatının müvəqqəti saxlanılması.
Modernləşdirmə çərçivəsində maşının yükqaldırma avadanlığı tamamilə yenilənib, kranın məsafədən idarə olunması funksiyası əlavə edilib və rabitə vasitələri müasir sistemlərlə əvəz olunub.
Bundan əlavə, platforma 4×4 təkər formuluna malik müasir MAZ-5316 şassisinə keçirilib. Bu dəyişiklik onun istismar xüsusiyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaqla yanaşı, daşına bilən zenit idarəolunan raketlərin sayını da artırıb.






