
Belarusun ALEVKURP şirkəti orta və qısamənzilli zenit-raket kompleksləri (ZRK) üçün nəzərdə tutulan TV-TP optik-elektron sisteminin təkmilləşdirilmiş versiyasını hazırlayıb.
“Poliqon” Belarus Dövlət Hərbi-Sənaye Komitəsinə istinadən xəbər verir ki, modernləşdirilmiş sistem köhnə Sovet istehsalı “Karat” televiziya-optik nişangahını əvəz etmək üçün hazırlanıb.
Bildirilib ki, yenilənmiş TV-TP sisteminə hədəfin avtomatik müşayiəti funksiyası inteqrasiya edilib. Bu funksiya operatorun birbaşa müdaxiləsi olmadan hədəfin tutulmasını və izlənilməsini təmin edir. Bunun sayəsində zenit-raket kompleksinin reaksiya müddəti azalır, hədəfin məhv edilmə ehtimalı isə artır.
Bundan əlavə, sistemin baxış bucaqları genişləndirilərək müşahidə imkanları yaxşılaşdırılıb və onun taktiki-texniki göstəriciləri artırılıb.
Məlumata görə, təkmilləşdirilmiş TV-TP optik-elektron sistemi bütün sınaqları uğurla başa vurub və yaxın vaxtlarda “Peçora” zenit-raket komplekslərinin “Peçora-2BM” səviyyəsinə modernləşdirilməsi proqramı çərçivəsində xarici sifarişçiyə təhvil veriləcək.
Qeyd olunub ki, tam rəqəmsal arxitekturaya malik sistem televiziya və termal (infraqırmızı) kanalları birləşdirərək hədəflərin gündüz, gecə və əlverişsiz hava şəraitində passiv rejimdə aşkarlanmasına, müşayiət olunmasına və məhv edilməsinə imkan verir.
Belarus tərəfinin bildirdiyinə görə, modernləşdirilmiş sistemin həm televiziya, həm də termal kanal üzrə aşkaretmə məsafəsi müəssisədə modernləşdirilən “Peçora”, “Kvadrat” və “Osa” ZRK-lərinin tələblərinə tam cavab verir və onların döyüş imkanlarını əhəmiyyətli dərəcədə artırır.






