Belarusda raket istehsalının inkişaf etdirilməsi planlaşdırılır

Belarusda raket istehsalının inkişaf etdirilməsi planlaşdırılır

Belarus prezidenti Aleksandr Lukaşenko raket istehsalı məsələsinə həsr olunmuş müşavirə keçirib.

Bu barədə “Poliqon” Belarus prezidentinin rəsmi saytına istinadən xəbər verib.

Belarus prezidenti hərbi təhdidlərin səviyyəsindəki dinamikaya və ölkənin Qərb qonşuları tərəfindən hərbi xərclərin əhəmiyyətli dərəcədə artırılmasına diqqət çəkib. Onun sözlərinə görə, bu vəziyyət Belarusun müdafiə qabiliyyətinə daima ciddi diqqət ayırmasını zəruri edir. Məsələn, bu ilin iyun ayında Belarus dövlət başçısı döyüş meydanında getdikcə daha çox üstünlük qazanan pilotsuz aviasiya komplekslərinin inkişafı ilə bağlı bir sıra qərarlar qəbul edib.

A.Lukaşenko müşavirə zamanı ölkədə raket istehsalının inkişafı üzrə atılacaq növbəti addımlar barədə məlumat verib. O bildirib ki, bu mövzunu Rusiya prezidenti Vladimir Putinlə müzakirə etməyi planlaşdırır.

“Mən Rusiya prezidenti ilə məsləhətləşəcəyəm ki, birgə necə hərəkət edəcəyik, təkliflərimiz və raket istehsalının modernləşdirilməsi və yaradılması ilə bağlı növbəti addımlarımız Rusiya Federasiyası üçün maraqlı olacaqmı? Eyni zamanda, digər məsələlərlə yanaşı, Rusiyanın dəstəyi ilə formalaşan bu mürəkkəb sənayedə ölkənin nisbətən məhdud təcrübəsini də nəzərə almaq lazımdır. Pilotsuz aviasiya kimi, bu sahə də hərbi-sənaye kompleksimiz üçün nisbətən gəncdir, biz onu sözün əsl mənasında sıfırdan yaratmışıq. Nələrəsə nail olduq, nələrsə bizdə alınmadı və ya alınmır. İqtisadiyyatın digər sektorlarında olduğu kimi, mövcud maliyyə resurslarından çıxış edərək maksimum səmərəli şəkildə fəaliyyət göstəririk. Bu, hər şeydən önəmlidir”, – deyə Belarus prezidenti vurğulayıb.

A.Lukaşenko qeyd edib ki, müasir döyüş əməliyyatlarının formaları və metodları nəzərə alınaraq bu istiqamətdə gələcək inkişafın istiqaməti və yolları müəyyənləşdirilməlidir.

CATEGORIES
TAGS