
Bir sıra ölkələr “Rafale” qırıcısı almaq niyyətindədir
Hindistan, Qətər, Misir, Yunanıstan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) öz Hərbi Hava Qüvvələrinin istismarındakı “Mirage 2000” qırıcılarını “Rafale” təyyarələri ilə əvəz etmək niyyətindədir.
“Poliqon” “Zone Militaire” nəşrinə istinadən xəbər verir ki, bu barədə “Dassault Aviation” şirkətinin baş direktoru Erik Trappier Milli Assambleyada keçirilən dinləmədə bildirib.
““Mirage 2000” xidmət müddətinin sonuna yaxınlaşıb. O, hələ də Fransada uçur, amma tamamilə “Rafale” modelinə keçməli olduğumuz üçün istismardan çıxarılacaq. Bu, “Mirage 2000”dən “Rafale”yə keçid prosesində olan bütün ixrac müştərilərimizə də aiddir”, – deyə baş direktor vurğulayıb.
Bu, bütün “Mirage 2000” müştərilərinə şamil edilmir. Belə ki, Peru oktyabr ayında 24 yeni döyüş təyyarəsi almaq üçün elan etdiyi tenderin qalibini açıqlamalıdır. “Rafale” burada “Saab”ın “Gripen” və “Lockheed Martin”in F-16 “Viper” təyyarələri ilə yarışır. İndiyədək yayılan şayiələrə görə, “Gripen” öndə gedir. Hətta hələlik Peru tərəfi son qərarını verməsə də, “Gripen”in qalib gəldiyi iddia olunur.
Perudan başqa, Tayvan da öz “Mirage 2000-5”lərini mümkün qədər uzun müddət saxlamaq niyyətindədir. 1990-cı illərin sonunda 20 milyard frank qarşılığında alınan bu qırıcılar hələ də effektivdir. Lakin Çin Xalq Azadlıq Ordusunun güclü əməliyyat təzyiqi altında Tayvan Hərbi Hava Qüvvələrinin onların texniki xidmətini təmin etməsi çətinləşib və gələcəkdə daha da çətinləşəcək.
Erik Trappier Tayvanın “Mirage 2000”lərini əvəz etmək üçün “Rafele” almaq istədiklərini qeyd edib: “Siz çox yaxşı bilirsiniz ki, tayvanlılar nə istəyir. Onların istədiyi “Rafale”dir. Amma bu, məndən asılı deyil. Mən Tayvana satmağın düzgün olub-olmadığını demirəm. Bu, mənim məsuliyyətim deyil, dövlətin məsuliyyətidir”.
Nəşrin bildirdiyinə görə, sözügedən məsələdə problem, Çini qəzəbləndirmədən Tayvana hərbi texnika satmağın çox çətin olmasındadır. 2020-ci ildə Tayvanın” La Fayette” tipli freqatlarına müdafiə sistemləri quraşdırılması üçün Fransa şirkətinə verilən cəmi 24 milyon avroluq kiçik müqavilə belə Pekinin sərt reaksiyasına səbəb olmuşdu.