BMT Konvensiyasına üzv dövlətlərin piyadalar əleyhinə minalara dair konfransı keçirilir

Niderlandın Haaqa şəhərində 16-19 noyabr 2021-ci il tarixlərdə “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında BMT Konvensiyasına üzv dövlətlərin 19-cu illik konfransı keçirilir.
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyindən “Poliqon”a verilən məlumata görə, COVİD 19 pandemiyası səbəbindən builki konfrans hibrid şəkildə – az sayda nümayəndə konfrans zalında, digər iştirakçılar isə videoformat şəkilində konfransda iştirak etməklə keçiriləcək.
Bu Konfransla əlaqədar olaraq Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya “Landmine Monitor Report-2021” hesabatını ictimaiyyətə təqdim edir. Bu hesabat dünyada minalar əleyhinə fəaliyyətin bütün aspektlərini əhatə etməklə sayca 23-cü illik hesabatdır.
Hesabatda bildirilib ki, bu Konvensiyanın imzalanmasından keçən 24 il ərzində dünyanın 80% ölkəsi, yəni 164 ölkə “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında Konvensiyaya üzv olub. 33 dövlət, o cümlədən də Cənubi Qafqaz ölkələri bu Konvensiyaya qoşulmayıb.
Artıq 6-cı ildir ki, minaların və müharibənin partlayıcı qalıqlarından zərər çəkənlərin sayı artmaqdadır və hesabat dövründə 7073 nəfər qeydə alınıb. İtkilərin 80%-ni hələ də mülki şəxslər təşkil edir, bunun da təxminən yarısı uşaqlardır.
Konvensiya üzv dövlətlərdən Əfqanıstan, Anqola, Bosniya-Hersoqovina, Kamboca, Çad, Xorvatiya, İraq, Tayland və Türkiyə ərazisi daha çox minaların təsirinə məruz qalmış ölkələr sayılır (100 km2 –dən çox).
Donorlar tərəfindən beynəlxalq səviyyədə 643.5 milyon ABŞ dolları minalarla mübarizə proqramlarına sərf olunub.
Son hesabatda bildirilib ki, 38 ölkənin ərazisində və 3 qeyri-dövlət ərazidə minaların məhv edilməsi əməliyyatları aparılıb. Hesabat dövründə 146 km2 ərazi minalardan təmizlənib. 135500 ədəd mina tapılaraq məhv edilib. Ərazisinin minalardan tam azad elan edən ölkələrin sayı 31 – dir.
Hesabat dövründə 106500 ədəd, ümumiyyətlə isə konvensiya imzalandıqdan sonra ehtiyatlarda olan 55 milyon ədəd mina məhv edilib. 41 ölkə mina istehsalını dayandırdığını bildirmiş, yalnız 12 ölkədə istehsal hələ də qalmaqdadır.
Hesabatda bildirilib ki, Azərbaycan minaların qadağan olunmasını nəzərdə tutan Konvensiyaya qoşulmayıb. Rəsmi olaraq bildirilib ki, bu Konvensiyanın məqsədlərini, o cümlədən də minaların tamamilə qadağan olunmasını dəstəkləyir, ancaq özünün ərazi bütövlüyünün pozulması səbəbindən “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında Konvensiyaya qoşula bilməyib.
Azərbaycan təcavüzə məruz qalmasına baxmayaraq yeni minaların qoyulmasını həyata keçirməyib. Bu səbəbdən də Azərbaycan yalnız Ermənistanla sülh sazişi imzalandıqdan sonra bu Konvensiyaya qoşula bilər.
Buna baxmayaraq, Azərbaycan bu Konvensiyaya dəstəyini bildirdiyini göstərməkdədir. Azərbaycan 2005-ci ildən başlayaraq BMT-nin Baş Assambleyasında bu müqavilənin universalizasiyasına yönəlmiş və hər il keçirilən səsvermədə qətnamələrin lehinə səs verir.
Azərbaycan dəfələrlə bildirib ki, piyadalar əleyhinə mina istehsal və eksport etmir.




